Müsahibə - Rüfət Abbasov
Rüfət Abbasov 1984-cü il mayın 22-də Bakıda anadan olub. Çox gənc yaşlarından jurnalist fəaliyyətinə başlayıb və аrtıq 10 ildən artıq təcrübəsi var. Jurnalistika və Beynəlxalq İqtisadi Müasibələr sahəsində ali təhsil alaraq peşəkar karyerasını 11 yaşında “Olaylar” İnformasiya Agentliyində və eyniadlı qəzetdə başlayıb. Daha sonra “Trend” agentliyində çalışıb və 2003 ilin əvvəlindən 2006-cı ilin sonuna qədər “Reuters” Beynəlxalq İnformasiya Agentliyində müxbir işləyib.
Amerikanın nüfuzlu “Bloomberg” agentliyində təcrübə keçib.“Newsweek”, İngiltərənin IWPR (Institute of War and Peace Reporting), Amerikanın “Eurasia.net”, Dünya Bankının rəsmi səhifəsi, “Exo”, “Caspian Business News”, “525-ci qəzet” qəzetləri, “Day.az” xəbər portalı və digər beynəlxalq və yerli Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlıq edib.
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin “Futures Leaders Visitors” proqramının məzunudur.
Dünya Səhiyyə Təşkilatının Ünsiyyət Şəbəkəsinin və Azərbaycan Media Mərkəzin İdarə Heyətinin üzvüdür.
Britaniya hökumətinin maliyyə dəstəyi ilə British Council tərəfindən həyata keçirilən uzunmüddətli layihə çərçivəsində Azərbaycan regionlarında jurnalistlər üçün treninqlərdə mühazirəçi kimi çıxış edib. Eyni zamanda PR mütəxəssisləri üçün treninq keçib.
Soros Fondunun dəstəyi ilə jurnalist araşdırması layihəsini həyata keçirib. Bir sıra yazı müsabiqələrinin qalibidir.
2006-cı ilin sonundan etibarən “Azercell Telekom” MMC-də mətbuat katibi vəzifəsində çalışır. “Azercell Telekom” MMC-də çalışmağa başladıqdan sonra şirkət mətbuatın inkişafına yönəlik layihələr keçirməyə başlayıb.
mak.az: Özəl şirkətdə mətbuat xidməti təşkil etmək zərurəti nədən yarandı? Bildiyimiz qədər mətbuat xidməti daha çox dövlət strukturlarında daha cox istifadə olunur?
Rüfət Abbasov: ”Azercell Telekom” MMC-də mətbuat katibi vəzifəsi mən bu şirkətə gəlməzdən əvvəl var idi. ”Azercel” sözün əsl mənasında Avropa tipli şirkət olduğundan buradakı bir çox proseslər Azərbaycan biznesindəki tendensiyaları qabaqlayır.
Mətbuat xidmətinin daha çox dövlət qurumlarında istifadə olunması fikri ilə razı deyiləm. Mətbuatla münasibətləri təkcə dövlət təşkilatları həyata keçirməməlidirlər. Mətbuat ictimai rəyi formalaşdıran çox mühüm institutdur və ictimai rəydən asılı olan bütün strukturlar, özəl və ya dövlət təşkilatı olmasından asılı olmayaraq media ilə normal münasibətlər qurmalı və bu münasibətləri idarə etməlidir.
Özəl biznesin ölkə iqtisadiyyatının inkişafındakı rolu, cəmiyyətdəki yeri zaman keçdikcə böyüyür və ayrı-ayrı şirkətlərin mətbuat vasitəsilə cəmiyyətlə əlaqəyə girməsi zərurəti artır. Əgər əvvəllər yalnız iri şirkətlərdə mətbuat katibi və ya PR-menecer ştat vahidinə rast gəlinirdisə, son vaxtlar kiçik və orta miqyaslı özəl müəssisələr ictimaiyyətlə münasibətlərinin koordinasiyasının lazımlılığını dərk edir və bu vakansiyalara işçi qəbul edir.
Mən uzun müddət yerli və xarici mətbuat orqanlarında jurnalist olaraq çalışmışam və daim mətbuat xidmətləri ilə ünsiyyətdə olmuşam. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, indi dövlət qurumlarının mətbuat xidmətləri daha çox fəallaşıblar, jurnalistlərə daha çox açıqdırlar və nisbətən daha əlçatandırlar. Eyni tendensiya iri özəl sektorda da müşahidə olunur. Bu sahədə telekommunikasiya sektorundan sonra banklar daha çox aktivdir. Sığorta sektoru bir çox məsələlərdə olduğu kimi bu sahədə də banklardan müsbət mənada nümunə götürür və mətbuatla münasibətlərinin qurulmasında və inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər.
Özəl sektor- mətbuat münasibətlərində son vaxtlar müşahidə etdiyim ən maraqlı məqamlardan biri bu münasibətlər sistemində yeni-üçüncü qüvvənin yaranmasıdır. Artıq Azərbaycanda kifayət sayda olmasa da bir neçə PR-şirkətin yaranması və müştərilərinə mətbuatla münasibətlərinin koordinasiyası xidmətini təklif etməsi çox gözəl tendensiyadır. Kiçik və orta müəssisələr mətbuatla münasibətlərinin önəmini anlayır lakin ya büdcə çatışmamazlığı ya da peşəkar qıtlığı səbəbindən bu funksiyanı ”outsource” edir. Bu əslində gözlənilən idi. Ölkə iqtisadiyyatının inkişafı gec-tez bu sahənin də inkişafına təsir etməli idi.
mak.az: Son zamanlar ”Azercell”-in mətbuat xidmətinin aktivliyi müşahidə olunur. Bu sizin jurnalist olmağınızdan və jurnalistlərin nə istəməsini bilməyinizdən irəli gəlir?
Rüfət Abbasov: Bir az öncə qeyd etdiyim kimi ”Azercell” sözün əsl mənasında Avropa şirkəti olduğu üçün burada mətbuata avropalılar kimi yanaşma var. Yəni bir çox təşkilat və şirkətlərdə olduğu kimi mətbuatın önəminin kiçilməsi kimi bir durum yoxdur. Bizim şirkətdə mətbuatın önəmini məndən əvvəl də qəbul ediblər indi də qəbul edilir. Mən özüm ”Azercell”-də çalışdığım üçün bir çoxları dediklərimin səmimiyyətinə inanmaya bilər. Ancaq jurnalistika və PR sahəsində olan 10 ildən artıq təcrübəm zamanı öyrəndiyim ən böyük dərslərdən biri oxucuya, ictimaiyyətə heç vaxt yalanın deyilməməsidir. Mən ”Azercell”-dən öncə Avropa şirkətində çalışmışam və mənim üçün müqayisə etmək asandır və ona görə əminliklə demək istəyirəm ki, ”Azercell” sözün əsl mənasında Avropa sayağı fəaliyyət gösətərən şirkətdir.
Sizin sualınıza gəlincə isə həqiqətən də son 2-3 il ərzində bizim mətbuatla münasibətlərimizdə yaxşılığa doğru böyük dəyişikliklər var. Biz 2007-ci ilin əvvəlindən etibarən mətbuata yönəlik siyasətimizi dəyişərək Azərbaycanda jurnalistikanın inkişafına istiqamətlənmiş ”İnkişafı Paylaşmaq Platforması” adlanan strategiyamızı həyata keçiririk. Bu strategiya media ilə sıx münasibətlərimizin yeni mərhələsidir və onun əsas məqsədi regionun aparıcı telekommunikasiya şirkəti olaraq, əldə etdiyimiz inkişafı cəmiyyətimizin güzgüsü olan mətbuatla paylaşmağımızdır.
Bu strategiya çərçivəsində “Azercell” olaraq biz “Reuters” Fondu ilə çox məhsuldar əməkdaşlığa başlayaraq azərbaycanlı jurnalistlərin peşəkarlığının artırılması istiqamətində çoxsaylı treninqlər, mühazirələr təşkil etdik.
Azərbaycanda ilk dəfə olaraq jurnalistlər üçün beynəlxalq treninq təşkil etdik. Əgər əvvəllər azərbaycanlı jurnalistlər treninqlərdə iştirak etmək üçün beynəlxalq təşkilatların köməkliyi ilə xaricə gedirdisə, “Azercell”-in təşkil etdiyi Telejurnalistlər üçün Büynəlxalq Treninqə qatılmaq üçün xarici jurnalistlər Bakıya gəlmişdilər. Buda ölkədəki ümumi tendensiyanın bir parçasıdır. Bakı artıq həqiqətəndə regionun mərkəzi və beynəlxalq şəhərə çevrilir və idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışmaların və siyasi konfransların, ölkə başçılarının yığıncaqlarının ardınca bucür tədbirlərin şəhərimizdə keçirilməsi çox sevindirici haldır.
Biz həmçinin jurnalistlər üçün uzunmüddətli pulsuz ingilis dili kurslarını təşkil etdik.
Şirkətimizin rəhbərliyi, başda “Azercell”-in prezidenti Ali Ağan olmaqla mətbuata açıqdırlar və mütəmadi olaraq müsahibələr verir, jurnalistlərin toplantılarında iştirak edirik.
Məhz mətbuatla sıx əməkdaşlığımızın nəticəsi olaraq biz jurnalistlər arasında keçirilən sorğunun əsasında Azərbaycanın ən şəffaf şirkəti seçilmişik. Həmçinin bizim Mətbuat Xidmətimiz özəl sektor arasında “Ən yaxşı PR xidmət” seçilib.
mak.az: Bizim saytda xəbər verildiyi kimi siz kitab yazırdınız və bu yaxınlarda sizin yeni ”Sual” kitabınız işıq üzü gördü. Kitab nə barədədir, onu hardan almaq olar?
Rüfət Abbasov: Kitabı hələ keçən il bitirsəmdə işlərin çoxluğundan dərc edə bilmirdim. Nəhayət ki, bu günlərdə çap etdirdim və şəhərimizin kitab dükanlarından ala bilərsiniz. Hazırda “Ali və Nino, “Qrafika” dükanlarında və Fəvvarələr meydanında yerləşən Prezidentin Kitab Evində var, ən qısa zamanda digər dükanlara da verməyə çalışacam.
Kitab bir növ mənim jurnalist fəaliyyətimin məntiqi sonluğudur, necə deyərlər “vida məqaləmdir”. “Sual” kitabı jurnalist olmaq istəyənlər, jurnalistikaya yenicə qədəm qoyanlar, “təkrar biliyin anasıdır” deyən peşəkar jurnalistlər, mətbuatla maraqlananlar, media ilə əlaqələr üzrə ixtisaslaşanlar üçün nəzərdə tutulub. Bu kitabda mən 10 illik jurnalist fəaliyyətim, əsasəndə “Reuters”-də çalışdığım dövrdə qazandığım təcrübəyə əsaslanır və bildiyim qədəri ilə ilk praktik vəsaitdir. Kitabda jurnalistikanın əsas prinsipləri ilə yanaşı Azərbaycan mətbuatındakı spesifik problemlər və "gülməli" real hadisələr barədə bəhs edilir. Fikrimcə PR sahəsində çalışanlar üçün də bizim mətbuatı yaxından tanıma baxımdan maraqlı olacaq kitabdır.
mak.az: Bəs PR sahəsində kitab yazmaq istəmirsiniz?
Rüfət Abbasov: Planımda var və yəqin ki, növbəti kitabım bu barədə olacaq. Mən sırf teoriya üzərində qurulmuş kitabları oxumağı sevmirəm. “Case-study”-lərlə bol olan kitabı yazmaq üçün isə təcrübə lazımdır. Yəqin ki, müəyyən bir müddətdən sonra bu kitab üzərində də çalışmağa başlayacam.
mak.az: Mətbuatımızın hal-hazır ki, vəziyyətini necə qiymətləndirirsiniz?
Rüfət Abbasov: Mən bu suala “Azercell”-in mətbuat katibi kimi deyil, öz adımdan cavab vermək istəyirəm. Çox təəsüf ki, bizim mətbuat məramının ana xətlərindən uzaqlaşıb və maarifləndirmək kimi funksiyasını tamamilə itirib. “Əkinçi” qəzeti yarananda onun əsas vizyonu insanları maarifləndirmək idi. Bu tarixin bizim mətbuatımıza qarşısında qoyduğu vəzifədir. Lakin indi Azərbaycan mətbuatı bu vizyondan tamamilə uzaqlaşıb.
Bizim jurnalistikamızın, əksər jurnalistlərimizin peşəkar səviyyəsi arzuolunan səviyyədən çox uzaqdır. Mən aktiv jurnalist olaraq çalışdığım dövrdə çoxlu sayda yüksək peşəkarlıq xüsusiyyətlərinə sahib həmkarlarımla bərabər işləmişəm, onlardan çox şey öyrənmişəm. Biz bərabər çalışaraq yeni öyrəndiklərimizi bir-birimizlə paylaşırdıq, peşəmizdən zövq alırdıq. Tez-tez jurnalist dostlarımla görüşəndə həmin illəri nostalji hisslərlə xatırlayırıq. Çox az məvacibə inanılmaz işlər görürdük, bir material üçün bölgələrə gedirdik, soyuq qış günlərində dövlət təşkilatlarının qapılarında saatlarla donurduq amma istədiyimizə nail olurduq. Amma baş redaktorlarla söhbətlərimdən görürəm ki, indi gənc həmkarlarım üçün nisbətən daha komfortlu şərait, rəqabətyönümlü məvacib təklif edilir ancaq əksər hallarda nəticə ürəkaçan olmur. Kitabımın da əsas məqsədi gənc jurnalistlərə bizim sahib olduğumuz idealizmi aşılamaqdır çünki romantizm olmadan yaxşı jurnalist olmaq mümkün deyil.
Vaxtilə Azərbaycan mətbuatının ana damarı olan və mənimlə eyni zamanda çalışan bir çox jurnalistlər mənim kimi ya jurnalistikadan gedib ya da “reportyorluğun daşını ataraq” redaktor kimi çalışmağa başlayıb. Çox az sayda peşəkar reportyorumuz var. Mətbuatın ana xətti, “piyadaları” reportyorlardır. Reportyor olmadığı təqdirdə isə nə keyfiyyətli xəbər, nə də maraqlı araşdırma məqalələr olur. Araşdırma jurnalistikamız isə çox acınacaqlı vəziyyətdədir.
“Azercell”-in yeni Korporativ Brendinin kommunikasiyası zamanı “Bizi Birləşdirən Dəyər” mövzusunda keçirdiyimiz yazı müsabiqəsinə təqdim olunan yazılara baxdım və bizim jurnalistikamızın durumuna acıdım. Məqalələr içərisində yaxşı yazılar çox idi lakin çoxu publisistik məqalə nominasiyasına təqdim olunmuşdu. “Wow” deyiləcək bir dənə də araşdırma yazı görmədim. Halbuki ortada stimulda vardı, bu müsabiqə Azərbaycanda keçirilən müsabiqələr arasında ən böyük mükafat fondu olan müsabiqə idi və jurnalistlərə sözün əsl mənasında azadlıq verilmişdi. Onlar “dəyər” hesab etdikləri anlayış barədə yazı yazmalı idilər. Heç kəsə istədiyi mövzuda əla bir araşdırma hazırlayıb, bu mövzu mənim üçün dəyərdir deyərək müsabiqəyə təqdim etməkdə mane olan yox idi.
Çox təəsüf ki, mətbuatdan gedən peşəkarların yerini öyrənərək inkişaf etmək istəməyən diletantlar tutur. Onların çoxunun da məqsədi jurnalistikadan tramplin kimi istifadə edərək başqa sahələrdə çalışmaqdır. Bu əslində təkcə mətbuatımızın deyil ümumilikdə ölkəmizin problemidir. Mətbuat cəmiyyətin güzgüsüdür və buradakı tendensiyalar ümumilikdə ölkədəki vəziyyəti əks etdirir. Indi özəl sektor inkişaf edir, işçilərə yaxşı məvaciblər, sosial paketlər təklif edilir. Ancaq bu vəzifələri tutacaq peşəkarlar tapmaqda çətinliklə üzləşirlər. Şirkətlərdə rəhbər vəzifələrdə çalışan çoxlu tanışım dəfələrlə mənə müraciət edərək PR-menecer kimi işə dəvət etmək üçün onlara savadlı, ingilis, rus və azərbaycan dillərini bilən jurnalist məsləhət görməmi xahiş ediblər. Əgər əvvəllər dərhal bir neçə nəfərin adını çəkə bilirdimsə indi məsləhət görəcək adamı güclə tapa bilirəm. Vəziyyət doğurdan da ciddidir.
İndi Azərbaycan mətbuatında xarici dili bilən jurnalistlər barmaqla sayılacaq saydadır. Əvvəllər biz özümüz xarici mətbuat orqanları ilə əlaqəyə girərək Azərbaycanda baş verənlər barədə yazılar yazmağı təklif edirdik, həftələrlə ölkəmizin dünya üçün artan önəmini başa salırdıq, burada baş verənlərin regiondakı bir çox proseslərə təsir etdiyinə əmin edirdik. Hər hansı bir məqaləmizin dərci üçün mübarizə edirdik. Yadımdadır “Newsweek” jurnalının Rusiyadakı redaktoru Bakı-Ceyhan boru kəməri barədə yazımı dərc etmədiyi üçün ondan Vaşinqtondakı redaktoruna şikayət etmişdim, onu “imprealist hisslərə qapılaraq bizim ölkənin böyüyən nüfuzunu görməməkdə” suçlamışdım. Yəni demək istədiyim odur ki, biz onda hər bir məqaləmizin dərci üçün çaba göstərirdik, əziyyət çəkirdik, insanları inandırırdıq.
mak.az: Bəs indi?
İndi isə vəziyyət tamamilə fərqlidir. Keçən il çox nüfuzlu beynəlxalq informasiya agentliklərdən biri mənə müraciət edərək Cənubi Qafqaz üzrə regional ofisinin Bakıda açmaq və bu ofis üçün çox peşəkar, dilləri bilən jurnalistləri işə dəvət etmək istədiklərini bildirmişdilər. Mən kimi məsləhət görəcəyimi bilmədim. Yalnız beynəlxalq təşkilatlarda çalışan həmkarlarıma müraciət etdim, onlarda jurnalistikaya geri dönmək istəmədiklərini bildirdilər. Biz bucür imkanı əldən verdik. Biz deyəndə mən ölkəmizi və jurnalistikamızı nəzərdə tuturam.
Mən “Reuters” agentliyində çalışanda daim narazılıq edirdim ki, niyə görə “Reuters”-in Cənubi Qafqaz üzrə baş ofisi Tbilisidə yerləşir, Bakıda yox. Sonda Moskvadakı redaktorum dözməyib mənə bildirdi ki: “Tutalım ofisi Bakıda açdıq, işə kimi götürəcəyik. Bizə “Reuters” standartlarına cavab verən çox peşəkar operator və fotoqraf lazımdır, biz onları İraq, Əfqanıstan, Yaxın Şərq kimi bölgələrə gondərəcəyik. Azərbaycanda belələri var? Biz 3 ildir normal stringer operator və fotoqraf tapa bilmirik”. Həqiqətən də dünyasını dəyişmiş Çingiz Mustafayev, Alı Mustafayev, operatorluqdan getmiş Xalid Əsgərov kimilərdən sonra xarici agentliklər üçün çalışacaq peşəkarlar çox azdır. Mən 2 il “Reuters”-lə əməkdaşlıq edəcək fotoreportyor tapa bilmirdim, məsləhət gördüklərimin əksərindən narazı idilər.
Əgər əvvəllər biz xarici qəzet, agentlik və jurnalların qapısını döyürdüksə indi onlar Azərbaycandan yazı istəyirlər. Ancaq bunu edə biləcək jurnalist tapa bilmirlər. Fikrimcə bu ölkəmizin problemidir. Nəticədə Azərbaycanın imici itirir. Həmişə gileylənirik ki, beynəlxalq mətbuat da Azərbaycanla bağlı məqalələri ya ruslar, ya ermənilər, ya da bizim ölkəmizi ümumiyyətlə tanımayanlar yazır. Axı bizdə bunu yazacaq jurnalist qalmayıb. Bu boşluğu biz doldura bilmiriksə bizim yerimizə dolduracaqlar.
Məncə bizim mətbuatımızın ən böyük problemlərindən biri budur. Bəziləri hər şeyi maddiyyətə bağlayır. Bazarda keyfiyyətli, beynəlxalq standartlara cavab verəcək məqalələrə kifayət qədər yüksək qonorar verəcək nüfuzlu media orqanları peyda olub. Lakin onların tələbinə cavablandıracaq təklif yoxdur.
Mən “Reuters”-də çalışmaqla bərabər bir neçə beynəlxalq KİV-lə əməkdaşlıq edirdim və onlardan biri üçün yazdığım sonuncu məqalənin əvəzində o vaxtı 300 dollar almışdım. “Newsweek” jurnalı bir müsahibəm üçün 700 dollar təklif etmişdi. 4-5 il əvvəl dolların alıcılıq qabiliyyətini nəzərə alın və bir məqalə üçün nə qədər yüksək qonorar olduğunu anlayacaqsınız. İndi əminəm ki, bu məbləğlər daha çoxdur. Ancaq yazan yoxdur. Bizim əksər jurnalistlər ingilis dilinə, beynəlxalq jurnalist prinsiplərinə yiyələnmək, inkişaf etmək istəmirlər.
mak.az: Mətbuatla münasibətlər zamanı uzun müddətli strategiya baxımından hansı məsləhətdir? Səmimi olub dost olmaq yoxsa rəsmi və ciddi olmaq?
Rüfət Abbasov: Təbii ki, dost. Əvvəla sizin bu insanlardan işiniz keçir. Yəni sizin mesajı cəmiyyətə istədiyiniz kimi verilməsi onlardan asılıdır. Mən bəzi PR-çıların jurnalistlərlə ”yuxarıdan-aşağı” münasibətini qəbut etmirəm. Nəinki, PR-çıların ümumilikdə hər kiminsə özünə bu ”tərbiyəsizliyi” rəva bilməsini anlamıram. Xüsusən də PR sahəsində çalışanların.
Jurnalistlər, necə geyinmələrindən, necə danışmaqlarından və özlərini necə aparmaqlarından asılı olmayaraq insandırlar və çox ağır işi görürlər. Mən bir az öncə əksər jurnalistlərimizi tənqid etdim, lakin bunu duruma acıdığımdan edirəm. Yəni vəziyyətin bucür olmasını istəmirəm, onların öz üzərilərində işləmələrini arzulayıram.
Bizim ölkədəki bir çox problemin həllində jurnalistlərimizin müstəsna xidmətləri var. Kiminsə evi sökülür, kiminsə həyətində hansısa sahibkar qaraj tikir, kiminsə hüquqları pozulur polisdən, prokurorluqdan, hüquq-müdafiəçilərindən əvvəl jurnalistlərə müraciət edirlər. Və qürurverici haldır ki, jurnalistlər bu mövzunu diqqətdə saxlayaraq məsələnin müsbət həlli istiqamətində əllərindən gələni edirlər. Yəni jurnalistlər doğurdan da çox əziyyətli işi görürlər. Və onlarla dost olub çox iş görmək olar.
mak.az: Mətbuat xidməti PR funksiyası içərisində hansi rola malikdir, əsas yoxsa köməkçi?
Rüfət Abbasov: Avropa şirkətlərində PR yəni İctimaiyyətlə Əlaqələr bölümü Korporativ Ünsiyyət (Corporate Communication və ya CorpCom) transformasiya olub. Bu proses bir neçə il əvvəl Avropanın böyük korporasiyalarında başlaıyb və davam edir. Fikrimcə Azərbaycanda da geniş vüsət alacaq. Lakin bizim ölkədə bir çox şirkətlərin PR-ın önəminə, gücünü, reklamla müqayisədə qüdrətini hələ indi-indi anlamağa başladıqlarından CorpCom-a keçidin daha gec olacağını düşünürəm.
Bu ”transformasiyanın” əsas səbəbi də ictimaiyyətin gözündə PR-ın imicinin aşağı düşməsi, istehlakçıların PR-çılara olan inamının itməsidir. Necə ki, eyni tendensiya reklama qarşı baş verib. Lakin reklamçılardan fərqli olaraq böyük şirkətlərin PR-çıları çevik tərpənərək rebrendinq ediblər və adlarını Korporativ Ünsiyyətə dəyişiblər. Eyni proses XX əsrin əvvəllərində baş vermişdi. Onda PR-ın ”atası” hesab edilən cənab Berneys ”propoqanda” sözünün insanlarda neqativ assosiasiya yaratması səbəbindən yeni termini – ”PR”-ı kəşf etmişdi.
PR-dan CorpCom-a keçid ad dəyişikliyi ilə bərabər müəyyən mənada özündə funksiya dəyişikliyini də ehtiva edir. Əgər PR yalnız xarici tərəfdaşlarla, xüsusən mətbuat və onun vasitəsilə geniş ictimaiyyətlə əlaqəni həyata keçirirdisə, CorpCom bütün növ kommunikasiyanı- həm şirkət xarici, həm də şirkət daxili ünsiyyəti özündə birləşdirir. CorpCom şirkətin korporativ brendinin güclənməsi, onun nüfuzunun artmasını nəzərdə tutan bütün funksiyaları, o cümlədən Korporativ Sosial Məsuliyyəti əhatə edir.
PR və ya CorpCom, necə adlandırılmasından asılı olmayaraq bu xidmətlərin ana damarı mətbuatla münasibətlərdir. Yəni PR və ya CorpCom-un gördüyü bütün işlər mətbuata yönəlib. Bu funksiyaların geniş hədəf kütləsinə çıxışı da mətbuat üzərindəndir. Adından da göründüyü kimi PR yəni İctimaiyyətlə Əlaqələr mütəxəssisləri ictimaiyyətin güzgüsü olan mətbuatla düzgün işləyə bilməsə, nə etməsindən asılı olmayaraq uğursuzluğa məhkumdurlar. PR və ya CorpCom-un başqa funksiyaları olan Korporativ Sosial Məsuliyyətin, korporativ tədbirlərin, PR-aksiyaların əsas məqsədi geniş istehlakçı kütləsinə çıxmaqdır. Burada məramın şirkətin imicinin gücləndirilməsidir və ya məhsul və xidmətin satışının artmasını təmin etməkdən asılı olmayaraq əsas məqsəd hədəf kütləyə çıxmaqdır. Bunun da qısa, qəbulolunmuş, alternativsiz, ideal və rahat bir yolu var – media, ənənəvi və alternativ media!
mak.az: Böhran PR-ı ile baglı Azərbaycan şirkətlərində hansısa strategiya var? Bununla bağlı görülən tədbirləri necə dəyərləndirirsiniz?
Rüfət Abbasov: Ünsiyyət krizisi (Communication Crisis) hər bir biznesin qarşılaşdığı labüd hallardan biridir. Krizislə yalnız fəaliyyət göstərməyən şirkət qarşılaşmır. Krizislər tarixlər boyu baş verib. Tarixində ən azı bir neçə dəfə krizis yaşamamış nəhəng şirkət tanımıram. Əsas krizis deyil çünki o əksər hallarda şirkətlərdən asılı olmadan, xarici təsirlərlə baş verir, əsas bu krizis zamanı şirkətin rəhbərinin və PR-çı/mətbuat-katibinin necə davranmasıdır. 1989-cu ildə neftin dağılması zamanı baş vermiş ünsiyyət krizisində “Exxon” şirkəti 1 həftə ərzində bazar dəyərinin 5%-ni yəni 3 milyard dollara bərabər məbləği itirmişdi. Lakin eyni hadisə baş verdiyi halda BP şirkətinin çevik tərpənərək mətbuatla, qeyri-hökumət təşkilatları və dövlətlə düzgün çalışması nəticəsində krizisi atlatmışdı.
Eyni tendensiyalar bizim ölkədə baş verir. Lənkəranda binanın uçması zamanı prezident İlham Əliyevin dərhal hadisə yerinə getməsi, faciədən əziyyət çəkənlərə baş sağlığı, məmurlara isə lazımi tapşırıqlar verməsi və günahkarları cəzalandırması onun nüfuzunun artmasına səbəb olmuşdu. Və insanlar o zaman faciənin nəticələrindən, binaların standartlara uyğun tikilməməsindən, bəzi yerli məmurların diqqətsizliyindən daha çox prezidentin hadisə yerinə getməsinin detallarından danışırdı. Mən məsələn bu faciədə ölənlərin sayını xatırlamıram ancaq prezidentin əynindəki qara gödəkçə indiyə kimi yadımdadır. PR baxımından bu çox əla bir adım idi.
Eyni qaydalar özəl sektora da şamil olunmalıdır. Sadəcə əvvəllər Azərbaycan ictimaiyyəti və mətbuatı özəl sektora az diqqət verdiyindən baş verən krizis hallarından xəbərsiz olurdular. Lakin qeyd etdiyim kimi biznesin ölkə iqtisadiyyatında və cəmiyyətin həyatındakı rolu artdıqca ona olan maraqda artır.
Təcrübəm göstərir ki, bəzən krizislər bəzi jurnalistlərin qeyri-peşəkarlığı ucbatından baş verir. Təəsüfverici məqam odur ki, bəzi jurnalistlər məlumatları dəqiqləşdirmədən, jurnalistikanın qızıl prinsipi olan qarşı tərəfin yəni özəl sektorun rəyini öyrənmədən dərc etməsidir.
mak.az: bizə arzularınız
Rüfət Abbasov: Çox maraqlı və təqdirəlayiq layihədir. Azərbaycanda insanların mənsub olduqları region və ya sahib olduqları avtomobillərə görə qruplaşması əvəzinə, xidmət etdikləri sahələr üzrə seqmentləşməsinə ehtiyac var. Mən bir müddət sizin forumda insanlarla ünsiyyətdə oldum və ölkəmizdə istedadlı və perspektivli marketinqçilərin olduğunu gördüm. Lakin bu ixtisasın nümayəndələrinə daha çox tələbat var. Ümid edirəm mak.az saytı gənclərdə marketinqə olan marağı artıracaq və gənc marketinqçilərin peşəkar inkişafına dəstək olacaq. Bu baxımdan mak.az-a uğurlar arzulayıram.
Baxılıb: 7747
Şərhlər