Sosial şəbəkələrdə yayımla

Müsahibə - Ramin Musayev

Ramin Musayev 1970-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət İqtisat İnstitunun məzunudur. Öncələr iqtisadçı, professional bankçı, sonradan isə Apple şirkətinin Azərbaycandakı biznes partnyoru olan MAC.AZ Şirkətinin baş direktoru və Alma Store mağazalar şəbəkəsinin CEO vəzifəsində çalışır.


mak.az:
Apple və Microsoftun reklam mübarizəsi hətta bəzən müharibəsi daha çox konservativ və yenilikçi 2 tip insan üzərində qurulur. Məsələn ən son "i am pc i am mac" kampaniyası bunun bəruz nümunəsidir. Bu cür kampaniyaları nə qədər etik hesab edirsiniz?

Ramin Musayev: Apple və  Microsoft-un mübarızəsi uzun zamanlardır davam edirr. İlk zaman partnyor olan şirkətlər, Windows-un ilk versiyası yaranan andan rəqabətə başlayıblar. Apple Microsoft-u qrafik interfeysin oğurlamasında günahlandırır. Yəqin ki, Stiv Cobs indiyədək Bill Qeytsə bunu bağışlaya bilmir. :) Öz növbəsində “Get a Mac” kampaniyası effektivliyini göstərir. Maliyyə böhranının olmasına baxmayaraq satışlar hər rüb artır və Apple yeni rekodlar göstərir. Reklam çarxlarının məqsədi PC-nin zəif tərəfini göstərməkdir. 
Rəqabətlə  yanaşı bu iki nəhənglərin işbirliyi də var. Az insan bilir ki, ilk dəfə Excel Mac üçün yaradılıb. Hətta Stiv Cobs Apple-a döndükdən sonra Bill Qeyts ona dəstək verərək Mac üçün yeni Microsoft Office paketini yaratdı və bugünə qədər inkişaf etdirir. Bu bir qlobal rəqabət və əməkdaşlıqdır.  

mak.az: Azərbaycan istehlakçısı Apple-i nə qədər doğru tanıyır?

Ramin Musayev: Geniş  tanışlıq 5 il ərzində başlayıb. Buna ilk növbədə  iPod, sonra iPhone çox kömək etdi. iPod artıq hər bir insanın cibində və çantasında olmalıdır. iPod və ya iPhone istifadəçiləri rahatlığı və stili hiss etdikdən sonra adətən Mac kompüterlər ilə də maraqlanmağa başlayırlar. Sonra isə Mac-ların üstünlüyü ilə tanış olaraq, dostlarını da buna sövq edirlər. Sadəcə onu sınamaq gərəkdir, ondan sonra Windows ƏS-dən nə qədər rahat və asan olduğuna əmin olursan. Dəfələrlə mənə əksini sübut etmək istəyənlərlə qarşılaşmışam. İndi onlar Mac istifadəçiləridir. Belə insanları çox rahatlıqla Mac-a yönəldirəm. 
Ən böyük maraq iPhone-un təqdimatından sonra başlayıb. Bizim istehlakçılar da bundan kənarda qalmadılar. Hətta, xatırlayıram ki, iPhone-un təqdimatından həmən sonra sifariş üçün çoxlu zənglər almışdıq. Artıq internetin ölkəmizdə inkişafı yeniliklərin cox qısa zamanda yayılmasına imkan verir. 

Apple ucuz mal istehsal etmir. Bizim marka yüksək keyfiyyət, gözəl dizayn, rahat interfeys təklif edir. Bunlara nail olmaq üçün yeni texnologiyalara külli miqdarda pul xərclənir, bu da öz növbəsində hər bir malın dəyərinə daxildir. Digər istehsalçılardan fərqli olaraq, Apple hər zaman yeni texnologiyalar tətbiq edir. Bugünki, kompüter alıcılarının çoxu heç bilmirlər ki, kompüterin bugünki, inkişafına və imkanlarına görə Apple şirkətinə borcludurlar. Çünki, Apple ilk olaraq personal kompüter yaradıb, ilk olaraq qrafik interfeys, maus, noutbuklarda taçpəd, son modellərdə isə multi-touch paçpəd istifadə edib və hər il yeniliklər təklif edir. Bu texnologiyalar bir müddətdən sonra digər şirkətlər tərəfindən tətbiq olunur.

Biz alıcılara Apple məhsullarının o qədər də bahalı olmamasını çatdırmaq istəyirik. Bir necə ildir ki, reklamlarımızda qiymətləri göstəririk. Son zamanlar qiymətlərin enməsi ilə Apple məhsullarına tələb çox genişlənir.  iPod artıq pleyer sözünü əvəz edib. Mac öncələr incəsənət, dizayn və elm adamları tərəfindən çox istifadə olduğuna görə, artıq prestij və imic nişanına çevrilib. 

mak.az: Apple şirkəti Stiv Cobsun adı ilə demək olar ki tam bağlıdır, onunla nəfəs alır və onun həyatında baş verən kiçik hər hansı bir müsbət və ya mənfi dəyişiklik şirkətin birjalardakı vəziyyətinə təsir edir. Bu şəxsin nüfuzu necə yaranıb?

Ramin Musayev: Stiv Cobs çox dahi insandır. Onun ideyaları kompüter bazarını öncələyir və yeni məhsulların yaranmasına səbəb olur. İlk personal kompüterin yaranması ideyası, qrafik interfeys, maus, multi-touch interfeys... Bu siyahanı üzün müddət sadalamaq olar. Onun biznes intuisiyası və gələcəyi görmə qabiliyyəti var. 21 yaşında ilk milyonunu qazanmışdır. Macintosh, iPod, iPhone, AppleTV, iTunes Store, AppStore – bunlar inqilabi məhsullardır. Bunların yaranması məhz Stivə aiddir. İdeya və yaradıcılıqdan başqa, onun təşkil etdiyi yeni məhsulların təqdimatı bir incəsənətdir. Onun göstərdiyi hər bir məhsul xitə çevrilir, məsələn iMac, iPod, iPhone, MacBook Air. Ona görə də Apple markası Stivin adı ilə çox sıx bağlıdır. Əlbəttə ki, Stiv buna tək nail olamayıb, Apple-da çox güclü menecer komandası var. Stiv markanın həvəskarları üçün bir ikonadır və hamı ümidini ona bağlayır və onun bizi dəfələrlə sevindirəcəyinə ümid edirlər.
90-ci illərdə  Stiv Cobsu Apple-in İdarə Heyətindən uzqlaşdırdıqdan sonra, şirkətin vəziyyəti acınacaqlı idi və müflis olma ərəfəsində idi. Ama onun qayıdışı hər şeyi dəyişdi. Artıq Apple sürətlə inkişaf edən şirkətdir. Bugün onun hesabında 160 milyard pul reservləri var, hər rüb satışlar və gəlir yüksəlir. Buna Stivin idarəçiliyi ilə nail olunub.

Birjalara gəldikdə  isə, hər bir xəbər spekulyasiya deməkdir. Bu tək Apple ilə  bağlı deyil. Böyük şirkətlərin səhmlərinin qiymətinin dəyişməsi müəyyən şəxs və şirkətlərə milyonlar gətirir. 

mak.az:
iPhone rəsmi olaraq Bakıya nə vaxt gələcək?

Ramin Musayev:  Ümümiyyətlə, iPhone fərqli məhsuldur. Təmsil olundugu bir çox ölkədə mobil operator tərəfindən uzun müddətli kontrakt əsasında, bəzi ölkələrdə alternativ “sim unlock” versiyasında da təklif olunur. Kontraktla satışın məqsədi iPhone-u daha ucuz qiymətə təklif edərək, onun dəyərini aylıq ödənişlərlə kompensasiya etməkdir. Bu müştəriyə daha ucuz qiymətə (hətta bəzi tarif paketi ilə havayı) iPhone əldə etmək, operator üçün yeni müştəri cəlb etmək imkanı verir. Buna misal olaraq AT&T şirkətini göstərmək olar. AT&T ABŞ-da heç də lider olmayan bir operator şəbəkəsidir. iPhone-un sayəsində ilk ildə 1 milyondan artıq yeni müştəri cəlb edə bilib. İnsanlar iPhone-a sahib olmaq üçün məcburiyət qarşısında daha güclü operatorlardan imtina edərək AT&T ilə kontrakt imzalamağa razı olurlar. 

Bu günə qədər Azərbaycanda rəsmi iPhone dəstəyinin göstərilməməsi, sadəcə bazarda xüsusi təklifin olmamasından irəli gəlir. Yüksək qiymətə çox sayda iPhone satmaq mümkün deyil, kontraktla satış isə hələ ki, riskli sayılır. Apple yeni ölkələrə çox böyük tələblər irəli sürür. Misal olaraq Rusiyanı götürək. 3 operatora 1 il ərzində 3 milyon iPhone satmaq tələbi irəli sürülmüşdü. Operatorlar müştərilərinə heç bir sərfəli tariflər təklif etmədi, yalnız 1000$-a sim unlock iPhone satmaqla kifayətləndilər, və əlbəttə ki, planı yerinə yetirə bilmədilər. Bunun nəticəsi olaraq, hələ də Rusiyada son model iPhone 3GS rəsmi şəkildə satılmır.

Kontraktsız böyük satışlardan danışmaq qeyri realdır. Vodafone-un Apple ilə  sazişi mövcuddur və çox ölkələrdə iPhone təklif edir. Onun Azərbaycanda fəaliyyətə başlaması iPhone-un da gəlməsinə şans yaradır, lakin qarşıya yenə eyni problemlər çıxa bilər. Vodafone isə risk etməyi xoşlamır. Məndə olan məlumata əsasən deyə bilərəm ki, bu günə qədər Apple şirkətinə bizim mobil operatorlar tərəfindən müraciət olmayıb.
Bu aydan biz öz müştərilərimiz üçün iPhone 3GS təklif edirik. Alma Store mağazalarında satılan iPhone-ların qiyməti yerli bazar qiymətlərindən yüksəkdir. Ancaq bunun qarşılığında biz Avropa zəmanəti, dəstək, servis, AppStore-a abunəçilik, qısa treyninq, e-mail, GPRS, MMS və kompüterlə sinxronizasiyanın quraşdırılması və s. təklif edirik.

mak.az: Pineapple layihəsi ilə bağlı cəmiyyətdə suallar meydana gəlib, bu cür yeni adlanma hansı zərurətdən meydana gəlib?

Ramin Musayev:  Bu sualı  biz də çox zaman alırıq. Pineapple mağazasının bizə  heç bir aidiyyəti yoxdur. Azərbaycanda rəsmi olaraq Apple tərəfindən təsdiq olunmuş yalnız 3 rəsmi mağaza var. Bunlar Alma Store mağazalarıdır: Neftçilər prospektində, “Şüvəlan Park” Ticarət Mərkəzində və yeni açılacaq “Park Bulvar” Ticarət Mərkəzindəki yeni mağazadır. “Park Bulvar”ın açılışı novruz bayramında həyata keçiriləcək. Mağazanın açılışına Apple nümayəndələri də təşrif buyuracaqlar. 

Əlavə söyləyə bilərəm ki, rəsmi Apple məhsullarını Alma Store-lardan başqa AZEL, World Telekom, Bakond və İT House Azizoff mağazalarında əldə etmək olar. Digər mağazalarda satılan mallar isə Azərbaycana qeyri rəsmi gətirilib və onlara bizim tərəfdən heç bir zəmanət, dəstək və servis yoxdur. Qeyri rəsmi malların satışının çox aşağı olmasına baxmayaraq, onlarla mübarizə aparırıq. Bu vaxtaşırı qiymətlərin endirilməsi, rəsmi dəstək və satış nöqtələrinin genişlənməsi ilə həyata keçir. İlk növbədə biz müştərilərin marağını və markanın imicini güdürük. Çünki, qeyri rəsmi mal Dubaydan, öz növbəsində Pakistan və Honq Konqdan gətirilir və ya onların zəmanəti bitmiş və ya ümumiyyətlə olmur. Apple məshullarının satışı və servisi asan iş deyil, onun ölkəmizdə inkişafı üçün çox böyük çətinliklərdən keçmişik, Apple şirkətinin rəsmi dəstəyi olmadan bu işi doğru qurmaq mümkün deyil. Hər bir firma mağazanın üzərində onun statusu göstərilməlidir. Bu “Apple Premium Reseller” və ya “Authorized Reseller” statuslarıdır. Yaxın planlarımızda Bakının müxtəlif rayonlarında kiçik rəsmi mağazalar açmaq var. Bununla yanaşı biz internet onlayn mağazanı da hazırlayırıq. 
Alıcılara isə alışdan öncə http://www.alma.com.az/buy/ internet səhifəsində onlara daha yaxın olan rəsmi satıcıların ünvanları ilə tanış olmağı məsləhət görərdim.

mak.az: Rəsmi mağazanızı Alma Store olaraq adlandırmısınız, bir az təhlükəli deyil? Sözün vurğusunu dəyişsək satışın qabağını alacaq alma! Sözü ilə üzləşirik.

Ramin Musayev:  Apple şirkətinin ən yüksək statusu olan “Apple Premium Reseller” markasının müəyyən üstünlükləri və tələbləri var. İlk növbədə  yerli marka. Biz çox məsləhətləşmələrdən sonra Apple sözünü Alma sözü ilə əvəz etmək qərarına gəldik. Bu ideya Apple Avropa tərəfindən çox yaxşı qarşılandı, həm də onların ən çox təqdim etdikləri yerli markalardan birinə çevrilib. Onu da qeyd etmək istəyirəm ki, Avropa, MDB, Orta Şərq və Afrikadakı 6000 APR mağazaları içərisində Apple standartalarının uyğunluğuna görə Alma Store ilk beşlikdədir.  Bu bizim üçün çox böyük nailiyyətdir. 

“Alma” adını seçməyimizin digər bir səbəbi də var. Apple sözünü hamı doğru söyləyə və yadda saxlaya bilmir. Alma isə bizə  daha yaxın sözdür, yadda asan qalır və Apple markası ilə bağlıdır. İlk zamanlar mən yeni adın necə qarşılanacağı haqqında çox həyəcan keçirirdim. Amma yeni adı tanıdandan sonra tez qəbul olundu. Çox zaman insanlar arasında söhbətlərdə və forumlarda “Alma Store” eşitdikdə bu siyasətin doğru olduğunu görürəm. Bir maraqlı hadisə yadıma düşdü. Bir müştərimiz ilə söhbət zamanı, o dostunun Amerikada oldugu zaman Alma Store-dan (Apple Store əvəzinə) kompüter aldığını söyləyirdi. Sizcə bu böyük nailiyyət deyilmi!?
Alma sözünün digər mənasına gəldikdə isə, hələ ki, bu məna ilə  qarşılaşmamışam. Bir də insanlar əks hərəkəti sevirlər. Alma! dedikdə yəqin hamı əksinə almaq fikrinə  düşür. Ciddi desəm, bu adı seçməmişdən öncə  ensiklopediya, sözlükləri və interneti çox aramışıq. Markanın düzgün olması çox vacibdir. Alma sözü isə ərəb dilində alimə, latınca ruh və ingiliscə universitet mənasını daşıyır. Bunların hamısı çox pozitiv sözlərdir. 
 
mak.az: Nexus One vs. iPhone, Əsl rəqabət zənnimizcə indi başlayır. Nə düşünürsünüz?

Ramin Musayev:  iPhone ilk təqdim olunduğu gündən mobil telefon bazarında inqilab edib. Deyə bilərsinizmi, iPhone-dan öncə nə zaman touch screen telefonla maqarlanmısınız? O zaman hansı touch screen telefonları tanıyırdınız? Əlbəttə, əvvələr belə təkliflər olsa da onlara maraq yox idi. Cünki, funksional deyildi. iPhone isə yeni ruh yaratdı və telefonlara yeni texnologiyalar gətirdi. iPhone-un uğurlarını və ona olan maraq digər istehsalçıları iPhone klonlarını yaratmağa məcbur etdi. İndi artıq özünə hörmət edən hər bir telefon istehsalçısı touch screen smartfon istehsal edir. Ama hələlik iPhone ilə mübarızə apara biləcək model yoxdur. Apple isə multi touch texnologiyasını qeydiyata alıb, bu isə digər istehsalçılara onun tətbiqində maneələr yaradır. 

iPhone “killer”  olaraq Android mobil əməliyyat sistemli telefonlar göstərilir. Google şirkətinə böyük rəğbət bəsləyirəm, onlar internet məkanında yeniliklər yaradırlar, amma yeni sahələrə giriş çox çətindir. Yalnız inqilabi bir məhsul ilə çixmaq lazımdir. Apple iPhone ilə bazara yalnız yeni texnologiyaların və telefona yeni baxışın hesabına görə daxil ola bildi. Həm də güclü dəstək ilə. Məsələn, Nexus One smartfonunun satışından sonra ortaya çıxan problemlə üzləşən alıcılar acınacaqlı vəziyyətə düşüblər. Google dəstəyi yalnız e-mail vasitəsilədir, heç bir telefon dəstəyi yoxdur. Bu cəhətdən Apple çox irəlidədir, çünki illərlə yaradılmış müştəri dəstəyi çox yüksək səviyyədə çalışır. Hər yeni iPhone modeli rekord satışlar göstərir, son iPhone 3GS ilk təklif həftəsində 1 milyondan cox satılıb. Bununla yanaşı AppStore-da olan 100 mindən artıq pulsuz və ya ucuz proqramlar, internet və kompüter ilə sıx inteqrasiya da öz rolunu oynayır. 

Bəli, Nexus One xarakteristika baxımından iPhone 3GS –dən yüksəkdir. Ama rusca desək “еще не вечер” (hələ axşam deyil), qarşıda bizi yeni iPhone gözləyir və mən əminəm ki, yeni model onu üstələyəcək. Əlbəttə ki, hər markanın və modelin öz həvəskarı var, və desək ki, hamı iPhone alacaq, bu yanlış olar. Nexus One iPhone-a bir alternativdir və o da bazarda öz yerini tutacaq.

mak.az: Azercell ilə co-branding layihəsinə qoşulmusunuz, razısınızmı?

Ramin Musayev:  Bəli. Azercell ilə işləmək bizim üçün çox maraqlıdır. Biz uzun zamandır əməkdaşlıq edirik. Azercell-in həyata keçirdiyi reklam aksiyası və müştəri bazası bizə çox maraqlıdır. 3 ay ərzində biz Maximum Gənclərə iPod-ları 20% endirim ilə təklif etdik. Bu gənclərə iPod-u daha ucuz almaq üçün bir şans idi. Həm də bu kampaniyanın yeni il qabağı olması insanlara daha sərfəli yeni il hədiyyəsi almaq imkanı verdi. Biz artıq Maximum Gənclər üçün yeni proyekt hazırlayırıq. Əminəm ki, yeni kampaniya da böyük marağa səbəb olacaq.


mak.az: Hal-hazırda mp3 pleyer dedikdə ağla gələn ilk marka iPod-dur. Bunu bir çox mütəxəssiz uğurlu marketinq strategiyasına əsaslandırırlar. Məşhur “Walkman” fenomenini bu qədər qısa müddət ərzində azaltmaq da hətta üstələmək sizcə daha çox nəyə bağlıdır? Texnologiya yoxsa Marketinq? 

Ramin Musayev:  İlk növbədə  zamanın tələbi iPod-u bazara çıxaranda bazarı Walkman idarə edirdi. Amma, o artıq köhnəlmişdi və yeniliyə ehtiyac var idi. Bu yeniliyi də Apple təklif etdi. iPod həmin bazarı ələ aldı. Artıq boyük ölçülü Walkman, CD pleyer və bununla yanaşı, kaset və disk daşımağa ehtiyac qalmadı. Sadəcə kompakt iPod və onun “daxilindəki” bütün CD-ləriniz. Sadəcə musiqini seçib kompüterdən ona yükləmək yetərli idi. Çox sadə və rahat. İlk iPod 5GB disklə təklif edilirdi, o zaman üçün bu böyük bir həcm idi. Yadımdadır, təqdimatdan sonra biz bir necə ədəd iPod idxal etmişdik. Onlardan biri indiyədək mənim iPod kolleksiyamdadır və hələ də işləyir. Dünya bazarı həmən iPod-u qəbul etdi və bestsellerə çevirdi. Bir də alternativ yox idi. Yalnız illər sonra digər istehsalçılar nə isə təklif edə bildilər, ancaq zaman itirilmişdi və dünya bazarı Apple-ın əlində idi. Birdəki bu uğuru "iPod - iTunes Store" bağlılığı bərkitdi. Yenə də Apple ilk olaraq internet onlayn musiqi mağazasını açdı. İlk zamanlar bu proyektə heç kim inanmırdı. İndi isə artıq onun vasitəsi ilə milyardlarla musiqi, film və proqramlar satılır. Sözsüz bu uğurda marketinqin xüsusi yeri var. Çünki doğrü marketinq olmadan heç bir məhsulun uğura şansı yoxdur. iPod texnologiya və marketinqin bir sinerjisidir.  

mak.az: Əvvəllər Apple məhsullarını status nümayişi üçün də istehlak edən bir təbəqə mövcud idi, lakin qiymətlərin münasib həddə çatdırılması bu məhsulları daha da kütləviləşdirdi, bu kütləviləşmədən qorxmursunuz?

Ramin Musayev:  Doğrudur. Öncələr Macintosh kompüterləri çox bahalı idi və ona yalnız müəyyən təbəqə sahib ola bilərdi.  Mac istifadəçiləri icması bir-biri ilə çox sıx bağlıdır və hər zaman qarşılıqlı dəstəyə hazırdırlar. Bunu bir klub da adlandırmaq olar. Klub öz yerində, amma biznesin öz qanunları var. Genişlənmə və inkişaf üçün satışı artırmaq lazımdır. Bu da öz növbəsində qiymətlərin enməsi deməkdir. Son illərdə kompüter hissələrinin ucuzlaşması və bazarın həcminin artması buna imkan yaradır. Apple məhsullarının qiymətləri enir, amma bu o demək deyil ki, HP qiymətinə Mac almaq olar. Apple premium məhsuldur və hər zaman digərlərinə nisbətən baha olacaq və tam kütləvi olmayacaq. 

Digər tərəfdən Apple istifadəçilərinin markaya bağlılığı var. Onlar hər zaman kompüter və iPod-larını yeniləyirlər. Bizim fanat müştərilərimiz çox sayda texnika alırlar, hətta mən özüm bəzən təəccüb edirəm ki, onlar bu qədər kompüter və iPod-ları nə edilər? Bu yaxında Windows-dan Mac-a keçən bir müştəri ilə söhbət zamanı Mac-dan geri Windows-a keçməli olarsa, hansı proqramlar vasitəsi ilə fayllarını köçürə biləcəyi ilə maraqlanırdı. Belə proqramlar yoxdur, çünki onlara ehtiyac yoxdur. Bir dəfə Mac-a keçən istifadəçi heç zaman geri qayıtmır. Bu bir aksiyomadır. 

Əgər problemlərlə mübarızə planınız yoxdursa, rahat və sadə istifadə istəyirsinizsə, Mac, iPod və iPhone alın.  Beynin resursunu və vaxtı isə daha lazımlı işlərə yönləndirmək lazımdır.

mak.az: 27 yanvar tarixində Stiv Cobs yeni iPad planşet kompüterinin təqdim etdi. Bu planşetə nə qədər ehtiyac olacaq?

Ramin Musayev:
 Yeni təqdim olunan iPad planşet kompüteri çoxdan gözlənilən bir məhsuldur. O iPod touch və iPhone sinifinin davamıdır və netbook bazarında inqilabi yenilikdir. iPhone texnologiyaları və əməliyyat sistemi üzərində qurulub, iPhone və MacBook arasında yer alır. O noutbook və ya iPhone-a bir əlavə kimi alınacaq. Ofisdən kənarda yaxud səyahət zamanı internet, e-mail, multimedia və s. ilə işləmək çox rahatdır. Qurulmuş Wi-Fi və 3G ilə internetə qoşulmaq, GPS ilə naviqasiya və xəritələrdən istifadə etmək olar. Həm də bugünə olan 140 min proqram təminatı bu qadceti çox maraqlı edir. Əgər siz iPhone və ya iPod touch istifadəçisinizsə, deməli sizin AppStore-dan aldığınız çoxlu proqramlar var, siz onları iPad-da istifadə edə bilərsiniz. Yeni iBooks proqramı isə onu elektron kitaba çevirir. Təqdimatdan sonra internet forumlarda müxtəlif fikirlər oxuyuram. Bir hissə onu çox maraqlı, digər hissə isə oyuncaq və lazımsız əşya adlandırır. Deyə bilərəm ki, hər bir kompüterin bazarda və insan həyatında öz yeri var. Əgər sizə güclü noutbuk lazimdırsa, onda siz MacBook Pro ilə maraqlanırsınız, əgər yüngül və nazik bir noutbuka ehtiyacınız olduqda MacBook Air modelini seçirsiniz. iPad isə daha kompakt və sadə mobil kompüterdir. Onunla səyahətə çixmaq və ya avtomobildə istifadə etmək noutbukdan çox rahatdır.
 
mak.az: Qiymət və satış tarixləri barədə  nə deyə bilərsiniz?

Ramin Musayev: Qiymətlər yaxın zamanlarda məlum olacaq. Düşünürəm ki, Azərbaycanda satışlar Avropa ilə birlikdə başlayacaq. İlk zamanlar yalniz Wi-Fi modeli, sonra isə Wi-Fi+3G modelini təklif edəcəyik. İkinci model daha böyük marağa səbəb olacaq. 3G şəbəkələrin Azərbaycanda inkşafı bu marağı daha da gücləndirəcək.

mak.az: Siz Apple məhsulalrınının üstünlüyünü nədə  görürsünuz?

Ramin Musayev: İlk növbədə  Mac-da virus yoxdur, sistem donmur. Əməliyyat sistemi çox qabaqcıldır, yeni funksiyalar təklif edir. Ən əsası isə çox rahat istifadə olunur. Ona uyğunlaşmaq üçün qısa zaman yetir. Hər bir Mac əməliyyat sistemi və şəkil, video, musiqi, dvd, sayt və sairə yaratmaq üçün proqramlarla təklif olunur. Bundan başqa biz ona əlavə olaraq, yalnız rəsmi proqramlar yükləyirik. Mac aldığınızda gərəkli olan bütün proqramları da alırsınız. Bizim məqsədimiz yalnız rəsmi proqram təminatı təklif etməkdir. Ona görə də hesablayanda Mac daha ucuz başa gəlir. Proqram təminatına gəldikdə isə, demək olar ki, dünyada olan proqramların 90%-dən çoxunun Mac versiyası və ya Mac üçün alternativi var. Bunların sayı getdikcə genişlənir.
İkincisi isə dizayndır. Bu məsələdə Apple-a rəqib yoxdur. Mac, iPod, iPhone və digər məhsuların dizaynı hamını heyran edir. Ən kiçik nüanslar belə işlənir. Hətta onların qutuları belə sənət əsəridir. Hər yeni modeldə qutu 30-40% kiçilir. İstifadə olunan materiallar aliminyum, plastik çox keyfiyyətlidir. Ekologiyaya dostluq baxımından isə artıq Apple liderlər siyasındadır.  

mak.az: Brend və məhsullarınızda istifadə olunan “i” hansı  məqsədlə istifadə olunur? -  iTunes, iPod, iPhone, iMac

Ramin Musayev: İlk “i”  məhsulu iMac-dır. Onun yarandığı zaman internet yeni inkişaf etməyə başlayırdı. “i” isə internet sözünün  ilk hərfi və Mac vasitəsi ilə rahat internetə qoşulmaq anlamına gəlirdi. Hətta, slogan olaraq «Qutudan çıxardığınızda internetə qoşulun” idi. Bugün bu ideya daha da aktualdır. İkinci “i” isə iBook notebukuna tətbiq olundu. Sonradan isə bu hərfin Apple məhsulu ilə bağlılığı yarandı. İndi artıq bu Apple markası kimi qəbul olunur. 

mak.az: Bir şəxsi sual vermək istəyirik. Nə üçün bu sahəni seçmisiniz?
 
Ramin Musayev: Hər hansı  bir sahədə uğur qazanmaq üçün işinizi yaxşı bilmək və  onu sevmək lazımdır. Mənim atam riyaziyyatçı və kibernetik olub. Gözümü açdığımdan evimizdə kibernetika kitabları görmüşəm və uşaqlıqda dəfələrlə kompüter mərkəzlərində olurdum. Məktəbdə isə kibernetika institunda ilk açılan kompüter kurslarında iştirak etmişəm. Hətta əmək kitabçasındakı ilk vəzifəm hesablama maşınlarının operatorudur. İqdisad institutundan iqtisadçı ixtisası ilə məzun olsamda, hər zaman kompüterlərə yaxın olmuşam. Hətta iqtisadçı və bankda işlədiyim zamanlarda İT şöbəsi mənim ən çox sevdiyim yerlərdən olub. Hətta xatırlayıram ki, dostlarımızla ilk dəfə internetə beynəlxalq xəttlə AOL-a qoşulmuşduq, bir səhifənin açılması üçün bir necə saat lazım gəldi və o bizə 80 dollara başa gəldi. Ama bu bizim üçün bir yenilik idi. İllər sonra Azərbaycanda internet xidmətləri başladı. Hər halda bu sevgi məni kompüter biznesinə gəlməyə məcbur etdi. İlk dəfə Mac-dan istifadə etdiyimdə çox böyük təəsüratlar yarandı, sonra isə sərgidə yeni modelləri gördüyümdə bu markaya heyran oldum və intuitiv olaraq onun gələcəyini gördüm.
 
mak.az: Sonda bir qədər zarafatyana sualımız olacaq. Ölkənin ən maraqlı və yaxın səslənən 2 domeyni arasında müsahibə gedir – mak.az və mac.az. Sizcə bizi birləşdirən dəyər nədir?

Ramin Musayev: Sizin sayt məni ilk eşitdiyimdə domeynin adı ilə maraqlandırmışdı, sonradan isə məzmunu ilə. Ən azı bir domeyn əkizliyimiz var. Bizi birləşdirən marketinqin həyatda və biznesdə vacib olmasıdır. Hətta gündəlik həyatda belə ondan şəxsi işlərimizdə istifadə edirik. Yəqin ki, hər ikimiz doğru marketinq qururuq.
 

Baxılıb: 10968

Şərhlər(16)

Şərhlər (16)

mr ReShaD mr ReShaD
duzu ishtetmemishem ama apple adi varsa yegin keyfiyetlidide ama problem olmagida normaldi en azindan insan yaradan her bir sheyde qusur ola biler
doctorant_9 doctorant_9
maclara hele de tam maragin yaranmamasinin sebebi applenin microsoftan ferqli olaraq pirat yuklemelerin qarshisini ala bilmesidir :)hec kim lisenziya istemir deyesen...
narimanmammadov narimanmammadov
Salam!
2010 ildir. Və Azərbaycanda kifayət qədər MAC işlədən istifadəçilər var. Sizin işinizə şübhəm yoxdur. Mən bilən Siz hətta rəsmi satıcısınız.))) Lisenziyali proqram və MAC-a şübhəm yoxdur - bir istifadəçi kimi. Bəs niyə Azərbaycan Apple siyahısında deyil? Niyə iTunes-dən tam istifadə etmək olmur?

Əvvəlcədən təşəkkür və işlərinizdə ugurlar!
Emin Quluzadə Emin Quluzadə
Sometimes.

But even if so, I trust touches... Multi-touches... Exciting touches...
aflatunus aflatunus
Love is blind :)
Emin Quluzadə Emin Quluzadə
More I know you, more I love you :)

To my MacBook Pro
R.M. R.M.
Bu iddia deyil, təcrübədir. Biz artıq 8 ildirki çalışırıq. Deyə bilərəm ki, 95% kompyüterlərdə Mac OS X ilə problem çıxmır. 5% isə istifadəçilərin install etdiyi hər hansı kənar proqramdan (tam hazır olmayan və ya səhvləri olan, sistemə uyğun olmayan) və ya plugindən irəli gələ bilər. Mən 10 ildir Mac istifadə edirəm, yalnız yeni verisya Mac OS X çıxdığında format edirəm. Hətta mən xatırlayıram ki, Mac OS 9 sistemində içlədiyimiz PowerMac G4 kompyüterini 5 il eyni sistem ilə iş işlətmişdik.

Əgər hansı problem çıxarsa, bizə müraciət etməniz yaxşı olardı. Biz hər zaman kömək etməyə hazırıq.
MeTheArt MeTheArt
Ramin bey, Bizim satdığımız Mac-larda problem olmur demek boyuk iddiadir. Bu bir machine'dir ve her an problem cixa biler, ki, bu da normaldir.
konkret probleme geldikte ise tam xatirlamiram, amma diyesen axira geder acilmirdi ve bir nece defe yeniden yazmali oldular software'lari.
Emin Quluzadə Emin Quluzadə
Mən isə elə PC görməmişəm ki, format olunmasın. Özü də bir neçə dəfə.

P.C. MacBook Pro almışam 2 gün əvvəl... :)
R.M. R.M.
MeTheArt, mənə çox maraqlı gəldiki, nədən 1 həftə içində bu qeder format edilib. Mümkündürse, problem haqqlnda bize yazın. Bizim satdığımız Mac-larda problem olmur. e-mail: info@alma.com.az
MeTheArt MeTheArt
islediyim bir is yerinde 1 heftede yalan olmasa 2-3 defe mac'a format atdilar.
Soldja Soldja
4 ildir ki, Mac işlədirəm. Doğrudan da, bir dəfə Mac-a keçən, bir də PC-yə qayıtmır.
mak mak
musahibe sonradan redakte olunub, ola bilsin komment de bu sebebden silinib, umid edirik cox shey itirmedik :)
Soldja Soldja
Mənim şərhimi niyə pozdunuz? )
Makla Makla
Əla, çoxdandır mak.az'da belə müsahib olmamışdı.
Ramin Musayevədə sevdiyi işində uğurlar.