Sosial şəbəkələrdə yayımla

Mahnur Kərimova: Düşünək yoxsa düşündürək?

Düşüncə hər birimizin həyatında vacib yer tutur, düşünüb- danışır, düşünüb- fikirləşir, düşünüb hərəkət edir və s. Hər addım düşüncədən başlayır desək daha düzgün olar. 
Hər an ətrafımızda müxtəlif sosial, elmi hadisələr və proseslər baş verir.  İnsan öz beyni vasitəsilə bu proseslərə müxtəlif reaksiya verir, təhlil edir. Düşünməyən beyin sözsüz ətrafada baş verənlərin fərqinə varmır. Təbii ki, düşünən beyin isə ən azı düşündüyünü dilə gətirir.  Dilə gətirmək isə hər zaman düz olmur. Düşünmək həm də daxili təzahürün, xarakterin məhsulu olduğu üçün bu fərdlər qədər fərqlidir. Hər fikir insan beyninə qəfildən gəlmir, buna formalaşmış insan xasiyyəti də təsir edir.  
Düşünmək də bir işdir, sadəcə o zehni əmək tələb edir. Hər bir halda bu işin də dəyəri verilir. Bu dəfə dəyər işəgötürən tərəfdən deyil, daha məsul şəxs olan qarşıdakı insan tərəfindən verilir. Qarşımızdakı hər bir insana nə qədər çox dəyər versək, düşüncə tərzimiz bir o qədər zəngin olar.
İnsan düşüncəsi səhv, düzgün , geniş, dar ola bilər. Bəs nədir bu düşüncə növlərini ayıran və yaradan faktorlar? Cəmiyyət, yoxsa insanın özü?
 
 
 
İnsan öz düşüncələrinin ağasıdır. O sərbəst düşünüb fikir irəli sürə bilər. Bu barədə ona heç bir qüvvə təsir edə bilməz. Lakin təəssüf ki, cəmiyyətdə insanlar başqalarının fikirlərinə istinadən və ya onların təsiri ilə düşünür. Bu o deməkdir ki, insan ya düşünmək istəmir, ya da öz düşüncəsi yoxdur. Bu baxımdan insanları öz düşüncəsinə görə iki qrupa bölmüşlər-proaktiv və reaktiv insanlar.
 
Reaktiv insanlar mövcud duruma qarşı daim sərt tənqidlə yanaşan və ya asanlıqla qəbul etməyən, hətta başına gələn çətinlikləri başqalarında görən insanlardır. Bu insanlara pessimizm, işi sona qədər çatdırmamaq, kaşlarla başlayan cümlələr....... xarakterikdir.  Nəticə etibarilə, bu fikirlər onları dar düşüncəli edir. Sözsüz ki, cəmiyyətdə baş verənlər insanlara bu və digər dərəcədə öz təsirini göstərir. Lakin cəmiyyət hər zaman insana müdaxilə edə bilməz. Proaktiv insanlar isə hər zaman nəinki özlərini idarə edən, hətta kənardakılara da müsbət istiqamət edən insanlardır. Onlar kənar qüvvələrə demək olar reaksiya verməyənlərdir. Dolayısıyla, insan özü də cəmiyyətdə iz qoymalı, bir çox qruplara yalnış olduğunu söyləməli və əks təsiredici qüvvəyə malik olmalıdır. Dar düşüncə insan şüurunda mentalitet, ailə ənənələri ilə möhkəmlənərək öz köklərini bərkidir. Dar düşüncə məhsuldar qabiliyyətin aşağı düşməsinə, sosial əlaqələrin zəifləməsinə, ünsiyyət prosesinin zəifləməsinə gətirib çıxarır. Müasir zamanda çox aşkardır ki, dar düşüncəli insanlar öz fikirlərini sözün əsl mənasında geniş auditoriyada söyləmək və hətta üzə demək yerinə, ismarıc vasitəsilə yazılı bildirirlər. Bu isə bir daha onun sübutudur ki, düzgün düşüncə şifahi və cəsurcasına bildirilir, əks halda səssiz və gizlik gedir.
Yalnışsız insan olmur, lakin o yalnışlar da insanın səhv düşüncədən düz düşüncəyə keçidi üçün bir işarə olmalıdır. Xoşbəxt olmaq, daha gözəl yaşamaq, yaxınlarımızı sevindirmək, yalnış düşünəni də düzgünə çevirmək öz əlimizdədir. Bunun üçün nə çox gəzmək, nə də çox oxumaq lazımdır. Kitab, gəzməli yerlər ətrafında onun düşüncəsinə daim yalnış təsir edən insan faktorunun qarşısında acizidir. Bunun üçün çox düzgün düşünən, heç kimə pisliyi dəyməyən, barəsində bir dəfə də olsun kimsədən xoş olmayan hərəkət eşidilməyən iki-üç insanın ətrafında olmaq, onlarla daim ünsiyyət qurub  danışmaq və fikir müdabiləsi aparmaq kifayətdir, bununla insanda ətrafa, mühitə, proseslərə, hətta insanlara qarşı düzgün düşüncə formalaşmış olur..
 
Məşhur cazz ifaçısı Vaqif Mustafazadənin “Düşüncə” kompazisiyasını mövzunun bu yerində yada salmaq istərdim. Bu əsəri dinlədikcə, insan bir çox fərqli və rəngarəng düşüncələrə dalır.  Melodiya insanı sanki dərin notlara kökləyir, lakin sonda pessimist deyil, optimist əhval-ruhiyyə bəxş edir, sanki bir çox şeyi bu notlardan dərk etmiş və artıq daha geniş və düzgün düşünməyə başlamış olursan.  İnsanı düşündürən də  nə cəmiyyətdəki toplum, nə də  onun özüdür. Hətta daha çox istifadə etdiyimiz “ponyatka” məfhumunu belə düşüncələrimiz formalaşdırmışdır.
İnsan düşüncəsini formalaşdıran isə məhz onun ətrafındakı çox olmayan insanların düşüncəsidir. Düşüncələrimiz isə bizi formalaşdırır. Demək ki, düzgün düşüncəyə sahib olmaq ilk növbədə yanındakı düzgün insanları seçmək deməkdir. Cəmiyyət olaraq hər yerdə-ailədə, kollektivdə düzgün düşünən və sözün əsl mənasında düşüncəli insanlara arxalanmalı və nümunə götürməliyik.

Baxılıb: 3786

Şərhlər