Sosial şəbəkələrdə yayımla

Mobil Marketinq

Ölkədə daha doğrusu şirkətlərdə marketinqin əhəmiyyəti artdıqca, onu fərqli kommunikasiya kanalları ilə bütövləşdirmək cəhdləri də aktuallaşır. Belə ki, ənənəvi reklam daşıyıcıları həm dəyərinə həm də effektinin ölçülməsinə görə bəzən optimal vasitə kimi marketerlərə kömək etmir. Bugün dünyada marketinq metodlarının sayı artmaqla paralel kommunikasiya vasitələrinə də əlavələr olmaqdadır. Mobil rabitə və telefonlar marketinq üçün gözəl bir kommunikasiya alətidir. Hədəf qrupununun seçilməsinə, fəaliyyətin nəticələrinin ölçülməsinə, xərclərinin az olmasına görə qərb marketerləri tərəfindən çoxdan kəşf olunan bu yeni alət əslində bizim ölkə üçün də çox aktualdır.

2007-ci il üçün mobil xidmətlər üzərindən aparılan marketinqin büdcəsi 1 milyard ABŞ dollarına yaxın olmuşdur, bu rəqəm hələ ki, internetlə müqayisədə az görsənir. Belə ki, 2007-c ildə reklam bazarının internet payı 24 milyard olub. Analitiklər mobil marketing üçün xərcəmələrin 2011-ci il üçün 20 milyarda çatacağını planlaşdırırlar. Bu rəqəmlər əlbəttə mobil marketinqlə ixtisaslaşmış şirkətlərin yaranmasını zəruri edir. Dünyada bu sahədə ən qabaqcıl şirkətlərə nümunə kimi "Admob", "Mobixell", "Amobee" və s. kimi şirkətlərin adını qeyd edə bilərik. Bu sahənin çox inkişaf edəcəyi barədə proqnozlara "Google" şirkətinin prezidenti Erik Şmit belə şübhə etmir. 2007-ci ildə Davosda keçirilən konfransda mobil marketinqin inqilab edəcəyini söyləmişdi.
Microsoft və Nokia kimi şirkətlərin öz strukturlarında mobil marketinq üçün ayrıca işçi qruplarını yaratması və bu istiqamətdə yeni həllər təklif etmək təşəbbüsləri bir daha bu sahənin çox perspektivli olacağı fikirlərini təsdiqləyir.

Mobil marketinqə tərif versək bu - mobil rabitə vasitəsi ilə müxtəlif tip reklamların, satış kampaniyalarının və bazar araşdırması kimi müxtəlif tip fəaliyyətlərin həyata keçirilməsi prosesidir. Mobil Marketinq qeyd olunanlarla yanaşı CRM (Müştəri İdarəetmə Sistemi), Satış Kanalı və PR vasitəsi kimi istifadə edilə bilər. Mobil marketinqin digər marketinq alətlərindən fərqli və üstün cəhətlərini aşağıdakı kimi sıralaya bilərik:

-         Böyük kütlə
-         Hədəf qrupu ilə çalışma imkanı
-         Seqmentləşdirmə imkanları
-         Nəticələri ölçmək imkanı
-         Minumum logistika xərcləri
-         Yüksək ROİ
-         Vaxta və işçi resurslarına qənaət
 
Ölkəmizdə mobil marketinqin səviyyəsi o qədər də qənaətbəxş sayılmaz. Bu sahənin inkişaf etməməsinin əsas səbəbi kimi marketerlərin məlumatsızlığı, təcrübənin az olması nəticəsində əmələ gələn qayğılı münasibət, mobil marketinq xidmətləri göstərən şirkətlərin demək olar ki, fəaliyyət göstərməməsidir. Doğrudur, bu xidmətlərin kiçik bir qismini həyata keçirən bir neçə şirkət mövcuddur, bunlara misal kimi MSM, Unimark, Troy kimi şirkətləri misal çəkə bilərik. Lakin bu şirkətlərin göstərdikləri xidmətlər Bulk Sms ilə məhdudlaşır. Məsələn ölkədə MSM şirkətinin "Poçt Göyərçini" (Bulk SMS xidmətinin brendləşdirilmiş adı) xidmətindən Nurgun Holding, Benetton, Puma, Bank of Baku, Hyatt Hotels kimi şirkətlər istifadə edir. Bəzi kampaniyalar barədə məlumatı müştəriyə çatdırmaq və bayramlarda müştəriləri təbrik etmək üçün istifadə olunan bu xidmət, əslində mobil marketinqin kiçik bir hissəsidir.

Digər böyük məzmun təminatçısı olan Unimark şirkətinin Reklamcell xidməti də mobil marketinq üçün nümunə sayıla bilər. Belə ki, bu xidmət vasitəsi Reklam verənlər istədikləri hədəf qrupuna icazəli reklam məsajlarını göndərə bilirlər. Seth Godinin qeyd etdiyi "icazəli marketinq" prinsipinə əsaslanan bu xidmətlə abonentlər öz maraqlarına uyğun reklam xarakterli məlumatlar əldə edirlər və əvəzində isə müəyyən danışıq saniyələri əldə edirlər. Bu səbəbdən bu istifadəçilərə göndərilən məlumatlar SPAM xarakterli olmurlar. Bulk SMS xidmətində isə abonent bazasını sifarişçi şirkət özü təmin edir və burada bəzən subyektiv səbəblərdən SPAM-a yol verilə bilir.

Son zamanlar isə Azercell tərəfindən birbaşa aparılan mobil marketinq aksiyalarına dünya nəhəngləri Coca Cola, P&G, Schwarzkopf qoşulublar. Ola bilsin bu böhran zamanı marketinq xərclərini azaltmaq məqsədi ilə atılan addımların nəticəsidir. Belə ki, mobil marketinq aksiyaları zamanı çəkilən xərclər digər ən ənəvi kommunikasiya xərclərindən dəfələrlə aşağı olur.
Məhz böyük markaların bu yeni kommunikasiya vasitəsindən ilk növbədə istifadə etməsi sonradan yerli və kiçik şirkətlərin marağının da artmasına səbəb ola bilər.

Mobil olmaq istəyən Marketerlərin nəzərinə, Mobil Marketinqə biganə qalmayın.

istinad mənbələri:
http://www.economist.com/business/displaystory.cfm?story_id=9912455
www.procontent.ru
www.mak.az (səs vermə, internet və mobil marketinq)
http://www.mmaglobal.com/

Baxılıb: 4593

Şərhlər(1)

Şərhlər (1)

Fidan Fidan
Eslinde men mobil marketinqin ele de effektli olduguna inanmiram ve acigi bunu hiss de elemirem.bu menim subyektiv fikrimdir sozsuz ki..amma bizim millet hele buna hazir deyil ve telefona gelen reklam metnini sadece oxumadan baglamaqla kifayetlenir - ekseriyyet...