Sosial şəbəkələrdə yayımla

Müsahibə - Kamilla İsayeva

Kamilla İsayeva: Bakıda anadan olub. 189 nömrəli məktəbi bitirib. İki fərqli sahədə ali təhsil alıb. 1995-2000 ci illərdə Luksemburgda "Biznesin İdarə Edilməsi", 2004-2006 cı illərdə isə Azərbaycan Beynəlxalq Universitetində "İnformasiya Texnologiyaları" üzrə təhsil almışdır. 2000-ci ildən Azercell şirkətində Korporativ əlaqələr üzrə məsləhətçi, 2003-cü ildən isə PR menecer olaraq çalışmışdır. Müxtəlif beynəlxalq PR tədbirlərinin təşkilatçısı və iştirakçısı olmuşdur. Səyahət etməyi və kitab oxumağı sevir. Hal-hazırda müstəqil olaraq müxtəlif özəl şirkətlərə PR xidmətləri üzrə məsləhətlər verməkdədir.  

Məhşur Amerikalı marketerlərdən olan Al Rays "Fall of advertising and Rise of PR" kitabında ənənəvi reklamın öz effektini tədricən itirdiyini və onun yerini güclü İctimaiyyətlə əlaqələr sisteminin aldığını iddia edir. Sizin buna munasibətiniz?

Qısmən razıyam,  Amerika və Avropanın ardınca artıq Türkiyə və Rusiya kimi inkişaf etməkdə olan bazarlarda da içtimaiyyətin mövqeyinə təsir baxımından PR-ın önəmi daha çox qəbul olunur. İnformasiya əsri olan indiki zamanda istehlakçıların istehsalçının özü və məhsulu haqqında dediklərinə, yəni birbaşa reklama, inamı azalıb. Bununda bir çox səbəbi var. Belə ki, yüksək rəqabətli mühitdə, bir çox şirkətlər mahiyyətcə eyni xidmət və məhsulu bir birindən fərqləndirmək üçün müxtəlif yollar ilə reklam edə bilərlər. Lakin, son anda istehlakçı bir birinə bənzəyən bu məhsul vəya xidməti seçən zaman onu istehsal edən şirkətin imic və nüfuzunu üstün tutur. Şirkətlərin nüfuzu isə reklam deyil, düzgün planlaşdırılmış və həyata keçirilmiş PR siyasətindən asılıdır. Hesab edirəm ki, bu fikir artıq Azərbaycanda da öz tərəfdarlarını tapmaqdadır.

Azərbaycanda PR peşəsinin inkişafı ilə əlaqədar bəzi təşkilatlanma işləri aparılır, buna misal kimi 2001-ci ildə qurulan APRA və 2007-ci ildə qurulan APREA nın fəaliyyətini necə qiymətləndirirsiniz? Və umumiyyətlə buna ehtiyac varmı?

Bu cür təşkilatlanlamaya ehtiyac var və Azərbaycanın PR mütəxəssislərinin cəmləşdiyi vahid qurumun yaradılması zərurəti artıq hiss olunur. Siz qeyd etdiyiniz təşəbbüslər təqdirə layiqdir. Lakin çox təəsüf ki, onlar qarşılarına qoyduqları məqsədə tam nail olmayıblar. Qərb ölkələrində bu cür ictimai birliklər PR peşəkarları arasında təcrübə mübadiləsini stimullaşdıraraq yerli bazarın inkişafına və yeni mütəxəssislərin hazırlanmasına dəstək olurlar. Misal üçün deyə bilərəm ki, Azərbaycanda cox yaxşı PR menecerlərə böyük tələbat var. Və bu kimi təşkilatlar PR sahəsində yeni kadrların hazırlanmasına böyük önəm verməlidirlər. 


Sponsorluq, xeyriyyəçilik, media ilə əlaqə. Hansını daha çox sevirsiniz? Və bu işlərdə əsas məqamlar nələrdir?

Təbii ki, media ilə işə daha çox önəm verirəm. Çünki bu metodla daha çox məqsədə nail olmaq olar. Media sözün əsl mənasında dördüncü hakimiyyətdir və bu hakimiyyətin qüvvəsi ilə çalışdığın şirkətə, yaşadığın cəmiyyətə və dövlətə böyük mənfəətlər vermək olar.
Lakin PR anlayışına təkcə sponsorluq, xeyriyyəçilik və media daxil deyil. Bura həmçinin müəssisə daxili ünsiyyət siyasəti, krizisin idarəedilməsi, leadership communication, şirkət nüfuzunun idarəedilməsi də aiddir.

Reket jurnalistlərin hələ də, mövcud olduğu ölkəmizdə onlarla mübarizə üsulu kimi ən effektli mübarizə metodu nəyi hesab edirsiniz?

Bu problemi jurnalistlər özləri həll etməlidirlər və son zamanlar gedən proseslər göstərir ki, mətbuat özü bu problemin həlli istiqamətində kifayət qədər uğurlara nail olub. Jurnalistlərin özlərinin reketçiliklə məşğul olan "həmkarlarını" ifşa edərək ictimai qınaq hədəfinə çevirməsi olduqca effektli metoddur. Lakin bu problemin köklü həlli ölkədəki iqtisadi durumun tədricən yaxşılaşması ilə baş verəcəkdir.

Crisis Management ilə əlaqəli bir təcrübəniz varmı?

Təbii ki, var, özüdə bir kitab yazacaq dərəcədə çox. Lakin bu təcrübə uzun müddət PR menecer olaraq çalışdığım Azercell şirkətindəki fəaliyyətimlə əlaqədar olduğundan və şirkətdaxili sirr xarakteri daşıdığından açıqlaya bilmərəm. Azərbaycan kimi inkişaf etməkdə olan və bazar iqtisadiyyatı münasibətlərinin tam formalaşmadığı ölkələrdə krizislər hər an baş verə bilər və çox təəsüf ki, baş verirdə.


PR ilk olaraq siyasi sferada istifadə olunub və hal-hazırda da istifadə olunmaqdadır, bizim ölkədə Siyasi PR-ın vəziyyətini necə dəyərləndirərdiniz?

Məncə Azərbaycanda siyasi PR-ın imkanlarından çox az istifadə olunur. Milli Məclisə son seçkilər zamanı deputatlığa namizədlərin PR-nı müşahidə etmişəm və gördüyüm ən böyük qüsur seçki öncəsi olan aktivliyin seçkidən sonra yox dərəcəsinə qədər enməsidir. Halbuki, millət vəkilləri məhz seçildikdən sonra aktiv PR olunmalıdırlar. Amerikada konqres üzvlərinin çoxu məhz seçildikdən sonra aktiv siyasi PR-a başlayaraq gələcək siyasi karyeralarının təməlini qoyurlar. Hazırda ABŞ prezidentliyinə namizədlərdən biri olan Con Makkeynin konqres üzvlüyü dövründə həyata keçirdiyi PR kampaniya sayəsində Amerikanın ən çox tanınan siyasətçilərdən birinə çevrilib.

PR menecer olaraq Siz hansı şirkətlərlə çalışmısınız və ən çox bəyəndiyiniz və bəyənmədiyiniz məqamları bizə söyləyərdiniz.

PR menecer olaraq yalnız Azercell şirkətində çalışmışam və bu mənim üçün çox böyük təcrübədir. Azercell-də çalışdığım dövr ərzində çoxlu yeni biliklər əldə etməklə yanaşı şirkət tərəfindən yaradılmış şəraitdən istifadə etməklə PR sahəsində ən son yeniliklərin tətbiqinə çalışmışam.

Hər hansı bir şəxs öz PR-nı necə aparmalıdır, yəni şəxsi PR anlayışı mövcuddurmu? Və nə üçün lazımdır?

Şəxsi PR nəinki lazımdır, şəxsi PR olmalıdır. PR - edilən müsbət məqamların qabardılaraq ətrafdakıların, ictimaiyyətin nəzərinə çatdırılmasıdır. Hər bir peşəkar işində əldə etdiyi uğurları PR etmədiyi təqdirdə karyerasında uğurlar əldə edə bilməyəcək. Kəskin rəqabətin formalaşdığı zamanəmizdə peşəkarlar təkcə öz işlərini görməməli eyni zamanda gördüklərini PR etməlidirlər. Təbii ki, bu hallarda peşəkar PR-çıların məsləhətlərindən yararlanmalıdırlar. Necə deyərlər çörəyi ver çörəkçiyə birini də artıq.
Bu məqama təkcə peşəkarlar deyil şirkət və müəssisə rəhbərləridə önəm verməlidirlər. Çünki rəhbərin imici müəssisə və ya şirkətin nüfuzuna müsbət və ya mənfi təsir imkanına malikdir.

Oxuduğunuz, bəyəndiyiniz və tövsiyyə etdiyiniz kitablar və müəlliflər?

PR haqqında son oxuduğum və hərkəsə tövsiyyə etdiyim iki kitab var. Bunlar Paul A. Argenti-nin "Corporate Communication" və Sandra Oliverin yazdığı " A handbook of Corporate Communication and PR" . Həmçinin bu günlərdə yaxın dostum və keçmiş həmkarım Rüfət Abbasovun Sual kitabının əlyazmasını oxumuşam. O, Reuters agentliyində çalışdığı zaman qazandığı biliklərdən çıxış edərək azərbaycanlı jurnalistlərə peşəkar məsləhətləri verən praktik kitab yazıb. Rüfət jurnalistikanın əsrlər boyu formalaşmış prinsiplərini bölüşməklə yanaşı Azərbaycan reallıqlarında peşəkar jurnalist olaraq çalışmağın yollarını açıqlayır. Bu kitab təkcə jurnalistlər üçün deyil, eyni zamanda daim jurnalistlərlə ünsiyyətdə olan PR menecerlər üçün də çox sanballı vəsaitdir. əminəm ki, bu kitabı oxuyanlar çoxlu yeni biliklər əldə edəcək. Həmçinin ümid edirəm ki, bu digər peşəkarlar üçün öz biliklərini başqaları ilə paylaşmaq baxımından yaxşı nümunə olacaq.

Mak.az barədə fikirləriniz, tövsiyyələriniz və arzularınız.

Çox müsbət layihədir. Azərbaycanda peşəkarların ixtisasları üzrə təbəqələşməsinin zamanı artıq çatıb və keçib. Bu mənada mak.az-ın Azərbaycanda fəaliyyət göstərən marketoloqları bir araya gətirmə cəhdini təqdirəlayiq hal hesab edirəm və sizə bu sahədə uğurlar diləyirəm.

Baxılıb: 7724

Şərhlər