Sosial şəbəkələrdə yayımla

Müsahibə - Rəkam Bağırov

Təcümeyi-Hal
1971-ci il sentyabr ayında Naxçıvan MR-də anadan olub. 1989-1995-ci illər ərzində Azərbaycan İnşaat Mühəndisləri Universitetində və 1997-2002-ci illər ərzində Xalq Təsərrüfatının İdarəetmə İnstitunun Menecmentlik fakultəsində təhsil alıb. 1996-1998-ci illərdə Bileşim International  Marketinq Araşdırmaları şirkətində, 1998-2004-cü illərdə  ProCon GfK Marketinq Araşdırmaları şirkətində çalışmışdır. 2004-cü ildən etibarən isə özəl biznesə başlayıb. Elə həmin  ildə Business Insight (keçmiş ProCon GfK) International Research GROUP şirkətini yaratmış, son illərdə isə bir neçə başqa şirkətləri qurmuşdur. 2007-ci ildən Biznes Universitetində müəllim vəzifəsində də çalışır.  Hal-hazırda bir neçə şirkətin təsisçisi və rəhbəridir. Siyasətlə məşqul olmur, evlidir, 1 oğlu və 1 qızı var.

Mak.az: Şirkətiniz barədə məlumat verərdiniz, neçənci ildə qurulub? Inkişaf yolu və s.

Rəkam bəy: Şirkətimiz ProCon GfK olaraq, xarici sərmayəli şirkət kimi 1998-ci ilin iyul ayında yaradılıb.       1 il yarım türk mütəxəssislərin rəhbərliyi altında çalışmışıq. Azərbaycanda araşdırma sektorunda ən böyük layihələrdən hesab edilən “Consumer Panel” araşdırmasını həyata keçirən ilk şirkət biz olmuşuq. 2004-cü ilin may ayına kimi Türkiyə ProCon GfK AŞ-nin nümayəndəliyi formatında işlərimizi davam etdirmişik.
2004-cü ilin may ayında Türkiyə ilə danışıqlar əsasında qərar verildi ki, yerli şirkət kimi qeydiyyatdan keçib fəaliyyətimizi davam etdirək. 2005-ci ildən etibarən daxili struktur dəyişikliklərinə gedərək müstəqil və yerli şirkət olaraq fəaliyyətimizə davam edirik. Onu da qeyd edim ki, 2006-ci il iyul ayından etibarən Avropa Fikir və Marketinq Araşdırmaları Cəmiyyətinin (ESOMAR-European Society for Opinion & Marketing Research) üzvüyük. 2007-ci ilə qədər yüksələn inkişaf tendesiyamıza sadiq qalaraq biz artıq “Business Insight” ticarət markası adı altında bazarda fəaliyyətimizi daha da genişləndirmək qərarına gəldik.

Mak.az: Bu bizim növbəti sual idi, niyə adınızı dəyişdiniz?
Rəkam bəy: Biz fəaliyyət strategiyamızı zamanın tələblərinə uyğunlaşdırmaq zərurətinin yarandığını hiss etdiyimizdən, müştərilərimizdən gələn tələbləri nəzərə aldığımızdan daha böyük uğurlar, mövqelər əldə etmək üçün və bu baxımdan fəaliyyətimizin yeni mərhələsinə qədəm qoyduğumuza görə şirkətimizin adında dəyişiklik etmək qərarına gəlmişik.

Mak.az: Şirkətlərdə marketinq fəaliyyətinin tam effektli olması üçün marketinq tədqiqatlarının rolu və əhəmiyyəti:
Rəkam bəy: Bizim ölkədə marketinq barədə məlumatsızlıq hökm sürür. Məsələn soruşsaq ki, marketinq nədir? Biri deyəcək reklam, biri deyəcək iqtisadiyyat, biri mağazada məhsulların düzülməsi və s..  Bu da öz növbəsində məlumatsızlıqdan və bilgisizlikdən irəli gəlir. Bəzilərinin marketing haqqında məlumatı var fikri yoxdur bəzilərinin isə əksinə fikri var məlumatı yoxdur. Əgər bu iki məfhum-fikir və məlumat vəhdət təşkil edərsə, o zaman marketinq fəaliyyətinin effektivliyindən danışmaq mümkündür.
Qeyd etdiyimiz vəziyyət marketinq tədqiqatları üçün də eynidir. Bu səbəbdən bizlərin və sizlərin üzərinə çox böyük yük düşür ki, bu anlayışlar biznes adamları tərəfindən normal qəbul edilə bilsin. Amma onu da qeyd edim ki, bu sahədə transmilli korporasiyalar və böyük şirkətlərdə vəziyyət qənaətbəxşdir. Qeyd etdiklərimə rəğmən, deyə bilərəm ki, araşdırma sektorunda hal-hazırkı inkişaf tendensiyasını müsbət kimi qiymətləndirmək olar. Lakin bu tendensiya araşdırma sektorunun müstəqil surətdə inkişafına dəlalət etmir. Araşdırma sektorundakı inkişaf tendensiyası ölkəmizdəki iqtisadiyyatın inkişafına bağlı olan məsələdir. İqtisadi tarazılığın müsbət istiqamətdə dəyişməsi, rəqabətin getdikcə çoxalması, modern marketinq anlayışının yavaş-yavaş qəbul edilməsi, gənc kadrların bir çox işin başına gəlməsi, Azərbaycana investisiya qoyan transmilli şirkətlərin tələbləri, Avropa və Amerikanın qabaqcıl şirkətlərinin Azərbaycanı inkişaf edən bir bazar olaraq görmələri araşdırma sektorunun bu cür müsbət inkişaf tendensiyasında öz rolunu oynamaqdadır.   
 

Mak.az: Forum iştirakçılarından bir marketerin növbəti sualı:
Azərbaycanda marketinq tədqiqatları zamanı ən effektli məlumat toplama metodu hansıdır?

Rəkam bəy: Marketinq araşdırmaları, çağdaş iş fəlsəfəsində başlıca məlumatlandırma vasitəsi olaraq şirkətlərin çatışmazlıqlarını qarşılamalarında, rəqabətdə bir addım irəlidə olmalarında və şirkətin inkişafında çox vacib rol oynayır. Bu baxımdan araşdırmanın məqsədlərindən asılı olaraq Kəmiyyət və Keyfiyyət araşdırmaları metodlarından istifadə olunur. Məsələn, reklamın effektivliyini araşdırmaq başqadır, reklamı necə çəkəcəyini araşdırmaq başqa.
Qeyd etdiyimiz, Kəmiyyət araşdırmasının da özündə belə bir çox metodlar vardır, üz-üzə sorğular, telefon sorğuları, bilgisayar üzərindən sorğular, masabaşı araşdırmalar və s. Keyfiyyət araşdırmasına isə Fokus qrupları, dərinləməsinə görüşmələri və s. misal çəkmək olar. Bir daha qeyd etmək istəyirəm bu konkret araşdırmanın məqsədindən asılıdır.

Mak.az: Azərbaycanda fokus qruplar üzərindən araşdırmalar aparılırmı?
Rəkam bəy: Çox yaxşı sualdır, yəni aktual mövzudur. Daha öncə qeyd etdiyim kimi fokus qruplar keyfiyyət araşdırmasının bir metodudur. Bu xidməti ölkədə fəaliyyət göstərən araşdırma şirkətlərinin bir neçəsi yüksək səviyyədə göstərir, onlardan biri də bizik. Lakin bizim bu istiqamətdə aparılan araşdırmalarda bir üstünlüyümüz var, bu isə yeni texnologiyaların tədbiqi ilə əlaqədardır. Fokus qruplarda əsas məsələ güzgülü otaq məsələsidir, hansında ki, araşdırmanı sifariş edən şirkətin məsul şəxsi oturub müzakirələri izləyə və dinləyə bilir. Bizim müştərilərin isə öz ofislərindən hətta xarici ölkədən belə fokus qruplara qatılma və fokus qrupları izləmə imkanları mövcuddur.

Mak.az: Marketinq tədqiqatları zamanı respondentlərin səmimiyyətini necə dəyərləndirirsiniz?
Rəkam bəy: Ümumiyyətlə sorğuların keçirilməsi getdigcə çətinləşir. İnsanlar sorğular zamanı suallara çox vaxt sərf etmək istəmirlər. Bu yaxında biz sığorta sektoru üçün bir araşdırma aparmışıq. Təxminən nəticələr bu cür olub: Sahə çalışması zamanı anketi doldurmaq üçün cəmi 13525 mənzilə müraciət etmişik.  13525 mənzildən 6946 mənzil qapını açmamışdır, 3371 mənzil qapını açmış lakin sorğu verməkdən imtina etmişdir, 2703 mənzil-respondent isə filitir suallardan keçməmişdir. Nəticədə 13525 mənzildən 505 respondentlə anketlər doldurulmuşdur.

Mak.az: Sizcə bu mentalitetlə bağlıdır?
Rəkam bəy: Xeyr, mən belə hesab etmirəm. Çünki digər ölkələrə nisbətən bizdə göstəricilər yaxşıdır. Türkiyədə, Almaniyada, bir çox avropa ölkələrində sorğulara münasibət bizimkindən daha soyuqdur.
Respondentlərə gəldikdə isə bəzi suallarda ola bilsin səmimi olmurlar, bu da o zaman olur ki, sual birbaşa onun şəxsi həyatına aid olsun. Məsələn kiminsə maaşı soruşulanda buna hamıdan səmimi cavab almaq qeyri mümkündür. Bundan başqa sualları tərtib edərkən bizim mütəxəssislər o cür hazırlayır ki, respondentlər suallara qeyri səmimi cavab verə bilməsinlər. Yəni burda anket formasının peşəkar hazırlanmasından çox şey asılıdır.

Mak.az: Azərbaycanda marketinq araşdırmalarında yeni bir metod kimi “online sorğu”lardan istifadə nə qədər aktualdır?
Rəkam bəy: Online sorğular hal-hazırda effektli araşdırma metodu hesab edilmir. Çünki bu dünya praktikasında da belədir, bizim ölkədə də belədir. Əsas problem odur ki, cavabların həqiqətən göndərilən respondent tərəfindən doldurulduğuna qarantiya yoxdur. Bu tip sorğunu biz çox kiçik bir qrupa – iş adamlarına yönəltmişdik. Geri cavab verənlərin sayı çox az oldu, 1-2%. Ona görə biz qərar verdik  ki, bu metoddan hələ ki, istifadə etməyək, çünki effekt çox aşağıdır.
Büdcəyə qənaət baxımından isə əlbətdəki, online və telefon sorğularını əvəz edən yoxdur.

Mak.az: Rəqibləriniz çoxdur? Və onların fəaliyyətini necə araşdırırsınız?
Rəkam bəy: Yaxşı sualdır. Gəlin bir az başqa cür yanaşaq bu məsələyə. Eşitdiyim rəqəmlərə görə Azərbaycanda 40-a yaxın marketinq tədqiqatları aparan şirkət var imiş. Bu o demək deyil ki, bu 40 şirkət ixtisaslaşmış şəkildə bu işlə məşğul olur. Yəni bu şirkətlərin əksəriyyəti digər reklam xidmətləri, hüquq xidmətləri, turizm xidmətləri ilə yanaşı marketinq tədqiqatlarını da öz xidmətlərinin siyahısına əlavə ediblər.
İxtisaslaşmış şirkətləri götürsək isə burada biz 4-5 şirkəti qeyd edə bilərik. Bunların da bəziləri ilə rəhbərlik səviyyəsində münasibətlərimiz yüksək səviyyədədir.
Mən istərdim ki, təşkilat rəhbərləri ilə görüşərək marketinq tədqiqatlarının aparılması standartları, maarifləndirmə proqramları, qiymət siyasəti və digər ümumi mövzularda vahid mövqedən fəaliyyət planları hazırlanması istiqamətində müzakirələr aparaq. Hələ ki, bu istiqamətdə müsbət irəliləyiş görə bilmirik. Rəqiblərimizin bəziləri qeyri peşəkarcasına fəaliyyət göstərirlər. Çox aşağı keyfiyyətli işlər həyata keçirməklə ümumi marketinq tədqiqatları anlayışına, Marketinq araşdırmalarının prestijinə zərbə vururlar.
Rəqibləri araşdırma metodları bütün şirkətlərdə var, həmçinin bizdə də. Amma bu metodları biz sizə demiyəcəyik. Əlbəttə rəqiblər də bizi araşdırır, müəyyən qədər nail ola bilirlər məlumat əldə etməyə amma bu bizi o qədər narahat etmir. Bizim məqsədimiz keyfiyyətli, etibarlı işdir.

Mak.az: Komandanız barədə bir az danışardınız:
Rəkam bəy: Qeyd edim ki, Şirkətimizin uğurları Marketinq, İctimai Əlaqələr və Konsaltinq sahəsində yerli, Avropa təhsilli 33 tam işçi heyəti və peşəkar ekspertlərin , 170-ə yaxın  peşəkar sorğu keçirənlərin mükəmməl təcrübəsinə əsaslanır. Sahə işində (anketlərin doldurulması araşdırmanın onurğa sütunudur) peşəkarlıq baxımından hər bir araşdırma şirkətindən bir addım irəlidə olduğumuzu vurğulamaq istərdim. Kəmiyyət, Keyfiyyət, Direct marketing (sadəcə bizim şirkətdə var), Sahə və s. bölmələrəmiz var. Kifayət qədər təcrübəli və təhsilli bir komandamız vardır.

Mak.az: Müştərilərinizi qeyd etdiniz, bəzilərinin adlarını çəkə bilərsinizmi:
Rəkam bəy: Ən çox araşdırma sifarışləri transmilli şirkətlərdən və rəqabətin çox sıx olduğu sektorlardan gəlir. QHT-lərdən başlamış avtomobilə, səhiyyədən başlamış kosmetikaya, məişət texnikasından başlamış maliyyə sektoruna kimi bütün sahələrdə araşdırmalar həyata keçirə bilirik. Əsasən də qida, içkilər, təmizlik məhsulları və s.. Təbii ki, avtomobil, məişət texnikası kimi rəqabətin yoğun olduğu sektorlarda da sifarişlər alırıq, lakin araşdırma sektorunun lokomotivi gündəlik tələbat mallarıdır.
Procter&Gable ən böyük müştərimizdir, 1997-ci ildən əməkdaşlıq edirik. Unicef, Garadağ Sement, Unibank, Mbask, İqtisadi İnkişaf Nazirlyi, Alman Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ), Narmobile, Nestle, Turkiyə Səfirliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s.
Qeyd etdiklərimə onu da əlavə etmək istərdim ki, araşdırma xidməti çox ucuz bir xidmət deyildir. Bir şirkətin araşdırma keçirə bilməsi üçün fəaliyyət göstərdiyi sahədə orta ya da böyük şirkət olması vacibdir ki, bu iş üçün müəyyən bir büdcə ayırmaq imkanı olsun.

Mak.az: Saytımız barədə fikirlərinizi istəyərdik:
Rəkam bəy: Saytınızı ilk dəfə ziyarət edəndə və şirkətimizin adını orda görəndə çox sevindim, müəyyən qədər bağlılıq yarandı. Mən inanıram ki, siz düzgün yoldasınız, əldə etdiyiniz bu uğurları davam etməyinizi arzu edirəm. Arzumuz odur ki, ölkəmizdə marketinq anlayışı lazımı yüksək səviyyədə olsun və bu işdə böyük rol sizin də üzərinizə düşür. Marketinq tədqiqatları aparan bir şirkət kimi hər cür dəstəyə, maddi və mənəvi hamısına hazırıq.
Uğurlar!

Baxılıb: 7675

Şərhlər