Sosial şəbəkələrdə yayımla

Paytaxtda yeni Sərgi öz işinə başladı

Bu gün Bakıda XIII Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild), II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak (AzRealty), V Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn (Caspian MebelExpo) və III Azərbaycan Beynəlxalq Məişət Cihazları və Elektronika (CEM) sərgiləri işə başlayıb.

Sərginin açılış mərasimində çıxış Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev bildirib ki, bu sərgi dövlətlərarası əməkdaşlığı genişləndirəcək, Azərbaycanda kiçik sahibkarlığın inkişafına təkan verəcək. S.Tatlıyevin sözlərinə görə, bu gün Azərbaycanda fəaliyyət göstərən şirkətlərin çoxu ölkəyə məhz sərgilərdən sonra gəlib.
Tədbirin əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov isə deyib ki, bu il sərgidə dünyanın 26 ölkəsindən 210 şirkət iştirak edir. Sərginin ekspozisiya sahəsi ötən il ilə müqayisədə 10% artıb. Sərgi iştirakçılarının 40%-ni ölkənin bazarına ilk dəfə gələn şirkətlər təşkil edir. Azərbaycan şirkətləri isə ekspozisiyanın ümumi sahəsinin 50%-ni tutub. «BakuBuild» sərgisi Polşa, Finlandiya, Türkiyə və Belçikanın milli qruplarını təqdim edəcək. Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin və Almaniyanın Sərgi Sənayesi Assosiasiyasının (AUMA) köməyi ilə təşkil edilən Almaniya milli qrupu sərgidə ilk dəfə təqdim olunur.
Qeyd edək ki, paralel keçirilən «BakuBuild-2007», «AzRealty-2007», «CEM-2007» və «Caspian MebelExpo-2007» sərgiləri oktyabrın 5-dək davam edəcək.

Baxılıb: 6112

Şərhlər