Sosial şəbəkələrdə yayımla

PRçılar və jurnalistlər: niyə bir-birindən zəhlələri gedir?

Bu da mak.az-çıların LAZIMlı məclisində Ramin Vəliyevə söz verdiyim yazı. Daha doğrusu, onun “PR- çılarla jurnalistlər yola getmir” fikrinə ertələdiyim cavabım.

Elə müxtəlif peşə sahibləri var ki, onların işi bir-birindən ayrı mümkün deyil. Bir-biri ilə sıx işlədiklərindən və bir-birindən çox asılı olduqlarından bir-birinin qüsurlarını başqalarından daha yaxşı görə bilirlər. Hər iki tərəfdə çalışmış biri kimi deyə bilərəm: bəli, PRıçılar və jurnalistlərin bir-birindən, yumşaq desəm, zəhlələri gedir. Hər ikisinin də buna öz səbəbləri var. Özüm də PR tərəfdə durmaqla, bu səbəblərdən gördüklərimi, eşitdiklərimi və hiss etdiklərimi sadalayım.

Beləliklə, niyə jurnalistlərin PRçılardan zəhləsi gedir?

1. Əsas səbəb – siz onun vaxtına hörmət etmirsiniz. Sizə özünüzə sərf edən əhvalatı uydurmaq, yazmaq və ya hazırlamaq lazımdır. Siz bunu çox rahatlıqla, iş gününüzün saatlarını bölərək, digər işlərinizi tənzimləyərək, yavaş-yavaş yerinə yetirirsiniz. İnformasiyanın durmadan axdığı bir vaxtda efirə və ya nömrəyə sizdən asılı olan materialı verməyi üzərinə götürmüş jurnalistin isə vaxtı məhduddur: o isə sizi gözləyir!

2. Siz çox zəif və maraqsız press relizlər yazırsınız. Özünüzə sərf edən informasiyaları özünüzə sərf edən formada yazıb jurnalistin e-mailini spamlayırsınız. Onun hər dəqiqə aldığı qlobal informasiyalar fonunda sizin bu “xəbərciklər” çox mənasızdır.

3. Sizi tapmaq çətindir! Çox zaman hər hansı bir məlumatı dəqiqləşdirmək üçün onun günlərlə vaxtı gedir. Əksər hallarda siz özünüz onun suallarından yayınmaq üçün cavab vermirsiniz.

4. Siz ona real informasiya almaq yolunda maneəsiniz.

5. Siz onun birbaşa informasiya qaynağı olan xəbəryaradan, daha məsul adamlara (şirkətinizin işini yürüdənlərə) çıxışı üçün tıxacsınız.

6. Siz onun materialını maraqsızlaşdırırsınız. Sizin yaymaq istədiyinizlə, jurnalistin demək istədiyi üst-üstə düşmür. Onun öz mövzusu, sizin isə öz məqsədiniz var.

7. Sizə lazım olanda onun vaxtını almaqdan çəkinmirsiniz. Dəfələrlə zəng edir, harada olmasına baxmayaraq, onun başını öz mövzunuzla qatırsınız. O, bu vaxtı tamamilə başqa mövzudadır.

8. Siz onun qələminə hörmət etmirsiniz. Yazdığını əvvəlcədən yoxlamaq və öz istədiyiniz kimi dəyişdirməyiniz onun peşəkarlığına şübhə etdiyinizi göstərir.

9. Siz adətən ona tez-tez verdiyiniz “yox” cavabının əvəzində, ondan özünüzün ona lazım olmayan ideyalarınızı reallaşdırmasını istəyirsiniz.

10. Əksər hallarda siz keçmiş media işçisisiniz. O, sizi “əli bala batmış” həmkarı, qanadlı dəvə və ya serjantlıq edən əsgər sayır.

Siz PRçıların da onlardan zəhləniz getməyinə səbəbləriniz var:

1. Sözlərində bütöv, etibarlı deyillər. Bu gün sizdən yazmağa söz verdikləri materialı sabah yazacaqlarına zəmanət varmı? Hər an “redaktor”, “təsisçi” icazə vermədi və ya “oy, bağışlayın, yadımdan çıxdı” ifadələrini eşitməyiniz təəccüblü deyil.

2. Cəmiyyətdə səs-küy yaradacaq informasiyaya sizin rəyiniz lazım olduqda, adətən, bu rəyi almaq “unudulur”.

3. Müsahibələrə bir qayda olaraq, hazırsız gəlirlər. Müsahibə götürdükləri adam, onun fəaliyyəti və mövzu haqda məlumatsız olurlar.

4. Süjet və ya yazı faktları dəqiqləşdirilmədən artıq onların beynində hazırdır. Siz onların səhv təsəvvürlərini dağıtmağa məcbursunuz.

5. Onlar sizin sahənizdən yazıları peşəkar yazmırlar. Sizin üçün əhəmiyyətli detallara diqqət ayırmırlar.

6. Sahəniz haqda diletant sorğularla sizi bezdirirlər.

7. Susmaq istədiyiniz mövzularda cavab tələb edirlər.

8. Sizin rəhbərliyə artıq-əskik suallar verirlər. Sizi zərbə altına qoyurlar.

9. Hədiyyəyə maraqlıdırlar. Hətta bəzən görməmişcəsinə!

10. Çalışdığınız sahədən sizin qədər xəbərdar, peşəkar jurnalist yerinizə real namizəd ola bilər. Siz hər zaman onlardan daha peşəkar, daha kommunikativ olduğunuzu göstərməlisiniz.

Bilirəm, hamınız “əsas odur ki, adamın ürəyi təmiz olsun” düşündünüz. Təbii, amma peşəkarlıq da LAZIMdır.

Baxılıb: 3894

Şərhlər