Sosial şəbəkələrdə yayımla

Qonağımız Bakutel sərgisinin layihə rəhbəri Rəna Abutalıbovadır

Mak.az: “BakuTel” sərgisi “Iteca Caspian” şirkətinin həyata keçirdiyi digər sərgilər arasında brend kimi daha çox tanınaraq nüfuz qazanmış bir sərgidir. Ən azından biz “mak.az” saytı olaraq bunu belə müşahidə edirik. Bəs Sizcə buna səbəb nədir?
 
Rəna Abutalıbova: Həqiqətən də, “Bakutel” sərgisi həm mütəxəssislər, həm də sıravi insanlar arasında çox populyardır və Azərbaycanın hüdudlarından kənarda tanınan bir brenddir. Bildiyiniz kimi, hər il sərgidə dünyanın 25-dən çox ölkəsi iştirak edir. Öz fəaliyyəti dövründə sərgi telekommunikasiya və informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayişi, ideya və layihələrin təqdim edilməsi, habelə yeni uğurların əsasını təşkil edən müzakirələr, danışıqlar və işgüzar əlaqələrin qurulması üçün real platformaya çevrilib. Biz bu populyarlığın bir neçə səbəbini qeyd edə bilərik. Birincisi, Azərbaycanın İKT sahəsi öz yüksəliş dövrünü yaşayır və biz hamımız Azərbaycanın bu sahədəki nailiyyətlərinin şahidiyik. Müvafiq olaraq, sərgi bu sahənin nailiyyətlərini əks etdirməklə yanaşı, onunla birlikdə inkişaf edir. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahənin inkişafı sahəsində böyük işlər həyata keçirir və hər dəfə görüşlərdə olarkən, müxtəlif ölkələri, eləcə də İKT sahəsinin Hamadun Ture və Lütfi Zadə kimi məşhur simalarını, o cümlədən nazirləri və digər yüksək vəzifəli qonaqları öz nümayəndə heyətləri ilə birlikdə sərgidə iştiraka dəvət edir. İkincisi, sərginin mövzusu çox maraqlıdır və durmadan inkişaf edir. Burada daim hansısa bir yenilik baş verir, innovasiyalar tətbiq olunur və bu innovasiyaları bütün dünya izləyir, belə ki, İKT sahəsi ictimai həyatın bütün vacib sahələrinə nüfuz etmişdir. 
Bu sahədə çalışan insanlar və sərgidə iştirak edən şirkətlər “Bakutel” sərgisinə dostların hər il görüşdükləri məkan kimi yanaşır və həm peşəkar mühitdə, həm də sosial şəbəkələrdə öz aralarında fəal ünsiyyət saxlayırlar. Buna görə də, “Bakutel” sərgisi hər zaman aktualdır və daim müzakirə olunur. Həmçinin, “Bakutel” sərgisi “Euronews” və BBC kimi beynəlxalq kütləvi informasiya vasitələrində də daim işıqlandırılır və bu, sərgini bütün dünyada daha da populyar edir.  
 
Mak.az: “Mak.az” texnologiya sahəsində bir çox yerli və xarici tədbirlərin həm təşkilində, həm də bu tədbirlərə dəstək göstərilməsində yaxından iştirak edir. “Bakutel” sərgisi ilə olan bağlantılarımız da məhz bu ənənədən irəli gəlir. Sizcə əsasən hansı üç amil texnologiya və marketinqi bir-birinə yaxınlaşdırır?
 
Rəna Abutalıbova: Mən qeyd etmək istərdim ki, burada bir-biri ilə bağlı olan üç ümumi amil var: yaradıcı və innovativ yanaşma tərzi (kreativlik və innovativlik) və operativlik. Marketinq və İKT sahələrində heç bir digər sahədə olmayan dərəcədə orijinal ideyalara ehtiyac var. Burada hər zaman yeniliklər müşahidə olunur, çünki daim təmayülə meylli olmaq və zamanın tələbi ilə ayaqlaşmaq lazım gəlir. Bu baxımdan, həm marketinqdə, həm də yeni texnologiyaların istismara verilməsində bu prosesin ardıcıl və zamanında yerinə yetirilməsi çox vacibdir. Əks halda, gördüyünüz iş ümidlərinizi doğrultmaya da bilər.   
 
Mak.az: Standart sual olsa da, vermək məcburiyyətindəyik. Bu il “Bakutel” bizə nə kimi yeniliklər vəd edir? Gəlməsək, nələrdən xəbərimiz olmayacaq?
 
Rəna Abutalıbova: Bu il sərgi ilk növbədə öz miqyası ilə fərqlənəcək, belə ki, ilk dəfə olaraq, sərgi Bakı Ekspo Mərkəzinin uç zalı və foyesində təşkil olunacaqdır. Yeniliklərə gəldikdə isə qeyd edə bilərəm ki, sərgi iştirakçıları bu tədbirə ciddi hazırlaşmış və ziyarətçilər üçün bir çox maraqlı eksponatlar planlaşdırmışlar. Mən bütün bu yenilikləri indi sadalamaq istəməzdim.
Mən bir faktı da xüsusilə qeyd etmək istəyirəm, belə ki, bu il sərgi çox zəngin işgüzar proqramın əyləncəli tədbirlər sayəsində daha da dolğun olması ilə fərqlənəcək. Təşkilatçılar bu tədbirləri Azərbaycanda “İKT ili” ilə əlaqədar xüsusi olaraq sərgi ziyarətçiləri və iştirakçılar üçün hazırlayıblar, belə ki, üçüncü zalda oyun, istirahət zonası və s. yerləşdiriləcək. İlk gün ziyarətçilər köhnəlmiş İKT detallarından istifadə edilməklə hazırlanan dəbli geyimlər şousunu izləyəcək, eləcə də lazer simlərdə və X-boks oyunlarında iştirak edə biləcəklər. Sərginin ziyarətçilərini isə öz şou proqramı ilə ilk dəfə Azərbaycanda olan məşhur “Titan” robotu qarşılayacaq. 
 
Mak.az: Texnologiya sahəsinin ən son təmayülü ehtiva edən sözü “start-up”dır. Ölkə olaraq, biz bu təmayüldən uzaq olmasaq da, uzaq kimi görünürük. Siz bu mövzunu işıqlandırmağı düşünürsünüzmü? 
 
Rəna Abutalıbova: Sərgidə təşkilatçıların və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə xüsusi stendlərdə təqdim olunan “start-up”lara xüsusi diqqət yetirilir. Bu il gənc mütəxəssislər öz yeni ixtira və xidmətlərini nümayiş etdirəcəklər və bunların arasında mobil telefonlar üçün proqramlar, kompüterlər üçün proqram təminatı, Azərbaycanın alternativ sosial şəbəkəsi və s. var. Bu layihənin əsas məqsədi Azərbaycanda və regionda İKT sahəsinin ən böyük tədbiri çərçivəsində gənc mütəxəssislər üçün öz ixtiraları, habelə proqram və xidmətləri barədə söz açmaq imkanını yaratmaqdır. Dünyanın aparıcı şirkətləri daim innovasiya axtarışındadırlar və bu innovasiyaları sürətlə inkişaf edən İKT sahəsində həyata keçirməyə və tətbiq etməyə hazırdırlar. Gənc istedadlar üçün həm şəxsi ideyaları təşviq etmək, həm də peşəkarların diqqətini həmin ideyalara cəlb etmək baxımından “BakuTel” sərgisindən daha cəlbedici platformanı təsəvvür etmək çətindir. 
 
Mak.az: Sizcə biz öz yerli brendimizi dünya texnologiya bazarına çıxara bilərikmi? “Bakutel” sərgisi olaraq, bunun üçün potensial görürsünüzmü?
 
Rəna Abutalıbova: Əslində “Bakutel” sərgisi yerli şirkətlər üçün beynəlxalq bazara çıxışdır. Sərgidə xarici şirkətlər də iştirak edir və onlar Azərbaycanda biznes fəaliyyəti ilə yanaşı, Azərbaycan şirkətlərinin təcrübəsini öz vətənlərində tətbiq etməkdə də maraqlıdırlar. 
Qeyd etmək lazımdır ki, artıq bir neçə Azərbaycan şirkəti xaricdə uğurla fəaliyyət göstərir, məsələn “R.I.S.K.”, “Cybernet” və bir sıra digər şirkətlər müxtəlif ölkələrdə İKT xidmətləri üzrə müqavilələr imzalamışlar. Əgər bu gün Azərbaycanın məhsul və xidmətləri inkişaf edən bazarlar üçün maraq kəsb edirsə, bu o deməkdir ki, gələcəkdə Azərbaycan şirkətləri daha çox məhsul ixrac etmək iqtidarında olacaqlar. Mən həmçinin qeyd etmək istəyirəm ki, hazırda yerli bazarda İKT-na olan tələbat böyükdür və zənnimcə, İKT sahəsində Azərbaycan şirkətləri üçün prioritet məsələlərdən biri daxili bazarın tələbatını ödəməkdir.  
 
Mak.az: Bakının / Azərbaycanın regional İKT mərkəzinə çevrilməsi üçün “Bakutel” sərgisi öz qarşısına hansı məqsədləri qoyub?
 
Rəna Abutalıbova: Artıq uzun zamandır ki, sərgi sadəcə Azərbaycanın İKT üzrə nailiyyətlərini əks etdirən vitrin kimi fəaliyyət göstərmir, belə ki, bu gün “Bakutel” sərgisi hərtərəfli biznes kommunikasiyaları üçün illik meydançaya çevrilmişdir. Burada sərgiyə paralel olaraq beynəlxalq forumlar, konfranslar, dəyirmi masalar və seminarlar keçirilir, biznesin inkişafı, işgüzar tərəfdaşlar arasında münasibətlər, hökumət strukturları, sahibkar və müştərilər arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunur, eləcə də İKT sahəsinin əsas inkişaf təmayülləri müəyyənləşdirilir. Sərgidə ekspertlər, nazirliklərin nümayəndələri, siyasətçilər, jurnalistlər, habelə ən müxtəlif ölkələrin sahə üzrə birlik və assosiasiyalarının rəhbərləri ilə şəxsən görüşmək və təcrübə mübadiləsi aparmaq mümkündür. Bunun üçün həm təşkilatçılar, həm də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən böyük işlər görülür. Hər il sərgiyə milli pavilyonlar cəlb olunur, sərgi çərçivəsində beynəlxalq konfrans və seminarlar keçirilir. Sərginin beynəlxalq standartlara uyğun olan  müasir Bakı Ekspo Mərkəzində keçirilməsi regional mərkəz olaraq “Bakutel” sərgisi üçün mühüm əhəmiyyət kəsb edir. 
“Bakutel” sərgisinin təşkilatçıları olaraq, biz sərgini maksimum səmərə ilə keçirməyə çalışırıq, çünki mütəxəssislər bütün il boyu bu sərgini gözləyir və ona hazırlaşırlar. Sərginin fəaliyyət göstərdiyi müddət ərzində biz müxtəlif əməkdaşlıq formaları təklif etmiş və sərgidə iştirakın maksimum uğurlu olması üzrə təlimlər keçirmişik. 
Sərgi bu il 2-5 dekabr tarixində keçiriləcək və mən fürsətdən istifadə edərək, hamını ilin ən əsas tədbirini - “Bakutel 2013” sərgisini ziyarət etmək və onun iştirakçısı olmağa dəvət edirəm! 

Baxılıb: 2760

Şərhlər