Sosial şəbəkələrdə yayımla

Rebrendinq belə olar

Bir ara AZƏRBAYCANI rebrendinqlər dalğası bürüdü. Əslində deyərdim ki, bu rebrendinq dalğası yox sadəcə bank sektorundakı bir ehtiyacın əksolunması idi. Sovet təfəkkürlü və brendinqli banklar bazarda daha möhkəm ola bilmək üçün görüntülərini dəyişməyə də razılıq verdilər və Azəriqazbank AGB, Azərdəmiryolbank Dəmirbank oldu vs. Elə alındı ki, Bakcellin Azercell-in də brendinqinə əl gəzdirməsi eyni dönəmə düşdü və beləcə “rebrendinq bum”u yaşadıq.
Əslində isə rebrendinqin əsas təcəssümü olan “dinamikliyə keçid”, “mövqeləndirmənin dəyişilməsi” kimi məsələləri çox da müşahidə etmədik. Bu yenilənmələrin bu qədər diqqət mərkəzində olması sırf şirkətlərin mövzuya ayırdığı büdcələr və bazar üçün daşıdıqları mahiyətdə gizli idi.
Geriyə dönüb baxdığımızda isə bazarın vaxtilə bir çox rebrendinqi yaşadığını göstərir. Və heyf ki, markaların rebrendinqinin effektivliyi aşağı olduğunu.
Biraz geniş baxsaq görərik ki, kateqoriya və məhsulların da rebrendinqi olur və bu əslində daha maraqlı bir prosesdir. Bundan da başqa real funksional təsiri də daha yüksək olur. Nümunə olması və biraz da aktuallığı cəhətdən bəzi kateqoriya və məhsulların rebrendinqinə toxunaq.

Çayxana out, Çay evi in!

Səhv eləmirəmsə Yalla qrupunun olmalıdı belə bir mahnı var: На Востоке на Востоке, что за жизнь без чайханы? (Şərqdə çayxanasız həyatın nə mənası?). Azərbaycanda çayxanada vaxt keçirməmiş, yığışacağı vaxt bənzər bir məkanı seçməmiş insan yoxdur yəqin ki. Xüsusilə kişilərin “mətə”si hər zaman çayxanalar olub. Bu həm “avaralanma”, həm “sosiallaşma”, həm də “istirahət” məkanı olub. Olub! Çünkü artıq demək olar çayxana qalmayıb “tədavül”də.
Onların yerini çay evləri məharətlə tutublar. Bu ilk başda sadə bir hadisə kimi görünsə də çayxanaların “bekar və kasıb” adamların yeri olması ilə bağlı qavrayış çay evlərinin vüsət almasına təkan verdi. Artıq çay evində ancaq tüfeyli və cibində siçan oynayan insanlar yox Land Roverdən düşən də otura bilər. Artıq çay evlərində bir oturuşun qiyməti 10-20 manatdır. Təbii ki, xüsusi təyinatlıq çay evlərini demirəm.
Çay evi imici tükənən, marjasını istədiyi kimi qoya bilməyən və çay-pivə aralığında gedib gələn çayxanaların dövrünün sonu demək oldu.  Dövrün tələbinə uyğun olaraq çayxana out oldu, çay evi in!

Türklər də dondurma yapabiliyor

Dondurmanı ingilislər belə italyan dilindəki adı ilə - gelato adlandırır az qala. Dünyada dondurmanın mənşəyinin Fars imperiyasından, yoxsa Roma imperiyasından gəldiyi naməlum olsa da, bir şey məlumdu ki dünya Roma dondurmasını yeyir. Və bu mədəniyyətin yayılmasında markaların, xüsusilə Algidanın və Gelateria formatının böyük təsiri var. Roma dondurması 1 litrdə 600-700 qr dondurmanın olduğu yağlı və əsasən meyvəli dondurmadır. Dünyada xeyli sayda dondurma növü və buzlu-südlü qidalar mövcuddur. Qəribə səslənən adlarla birgə - sorbet, ays kasinq vs.
Hər bir mövzuda öz dəstxəttini müəyyən edən türklərdə isə dondurmanın 300 illik bir tarixi var və Maraş dondurması Türkiyədən kənarda da müəyyən qədər sevilir. Amma burada önəmli bir məsələyə toxunacağıq ki, bir məhsulun halo-effektdən necə yararlana biləcəyini görəcəyik.
Maraş dondurması dedikdə əksərən insanlar isti aylarda küçələrdə dondurma stendi arxasında şou göstərən satıcıları xatırlayır. Bir də Maraşda hərdən bir cəhd edilən maraqlı tryuklar yada düşür. Məsələn bir nəfər dondurma rulonuna kanat bağlayıb bununla maşını qaldıracağını iddia etmişdi. Dondurma vəzifənin öhdəsindən gəlsə də, ipin möhkəmliyi nəzərdən qaçmışdı. Nəticə isə maşının 200 kq-lıq dondurmanın sərtliyi ilə çökən damı...
Bu tarixi qavrayış Maraş dondurmasının elitar bir məhsul kimi qəbuluna mane olurdu. Türkiyədə Maraş dondurmasının adına çevrilən “Mado”nun sahibi Mehmet Kanburun da dediyi kimi “Maraş dondurmasını qapalı məkana saldıqları günə qədər”. Mado kafenin ən önəmli atributuna çevrilən Maraş dondurması sadəcə qapalı məkana girmədi, həm də -18 dərəcədə saxlanan digər dondurmalardan fərqli olaraq -30 dərəcədə saxlandı və “saqqız dondurma” “kəsmə dondurma”ya çevrildi. Beləliklə, dünyanın ilk və tək “çəngəl bıçaqla yeyilən dondurma”sı doğuldu. “Mado”nun Bakıdakı ilk şöbəsi açılarkən də məhz bu məqama vurğu ilə tizer gerçəkləşdirilmişdi.
Roma dondurmasının dünyadakı siması olan Algida belə bu mövsüm məhz “Kəsmə dondurma” adı altında Maraş dondurması markasını satışa çıxardı.

Falçılar və digərləri

Falçılar, cadugərlər... Cəmiyyət hər zaman bu peşə sahibləri ilə mehriban düşmən olub. Sevməyib, amma nə vaxt ehtiyac hiss etsə özünü onun yanına atıb. Cəmiyyətdəki və insanların beynindəki boşluqlardan yararlanan bu “yardımsevərlər” nə qədər çalışsa da, imkanlı və nüfuzlu şəxsləri özünə cəlb etməyə çətinlik çəkib. Bu qavrayışı da falçı sözünün “ekstrasens” rütbəsi ilə əvəzlənməsi ilə dəyişdirməyə çalışırlar. Onlar “səviyyəsiz falçılar” yox, “öz ekstra hissləri və istedadlarını istifadə edən fenomenlər”dir.
Rüşvətin hörmət adlanmasından sonra həqiqətən də verənin alana hörməti olaraq qəbul edilməsi, göbələkləşmə prosesindən sonra kurs və təhsil mərkəzlərinin imicini itirməsi, bu problemin həlli üçün bəzi məkrəzlərin “consulting and training center” kimi ifadələrə yönəlməsi, formata əl qatması, müstəqlliyin ilk illərində şirkətlərin adi suya qaz vuraraq satması və beləcə insanlara suyu pul ilə satın alma vərdişi aşılaması, davamında da adi suya “qazsız su” deyib bir baryeri də aradan qaldırıraraq içməli suyu samballı rəqəmlərə satması vs. Əslində məhsulların və kateroqiyaların rebrendinqi markaların hansısa brend atributunu dəyişməsindən daha maraqlıdır, effektivdir. Bu vəya digər kateqoriyada rebrendinqə  öndərlik edən şirkətlər və şəxslər isə daim bu prosesdən ən çox faydalanan olur.
 

Neçə belə rebrendinqlərə!

Baxılıb: 5037

Şərhlər