Sosial şəbəkələrdə yayımla

Reklamı reytinq ilə yerləşdirməyi dəqiqə ilə yerləşdirməkdən üstün tuturam

Nə yaxşı ki, AGB Azərbaycana gəldi. Məlumat olaraq qeyd etmək istəyirəm ki, 2006-cı ilə qədər televiziyada reklam ancaq dəqiqə üzərindən satılırdı. Məsələn, əgər reklamverən 30 saniyəlik reklam çarxının 20 dəfə efirdə çıxmasını istəyirdisə onda kanaldan 10 dəqiqə reklam vaxtı alırdı. Bu halda reklamverən reklam çarxının hansı televiziya kanalında, hansı verilişdə və hansı vaxtda efirə gedəcəyinə bir qayda olaraq şəxsi təcrübəsi və intuitsiyası əsasında qərar verirdi. Nəticə olaraq reklam kampaniyasının uğurlu və ya uğursuz keçməsinin məsuliyyətini öz üzərinə götürürdü. Televiziya kanalının vəzifəsi isə reklam vaxtının satışı və reklam çarxının plana əsasən konkret vaxtlarda efirə çıxmasını təmin etməkdən ibarətdir. 

2006-cı ildən başlayaraq kanallar reklamı reytinqlə, yəni GRP  ilə satmağa başladılar. Bilməyənlər üçün qeyd etmək istəyirəm ki,  GRP (Gross Rating Point) – müəyyən reklam kampaniyası çərçivəsində bütün növ reklam məlumatlarının topladığı reytinqlərin cəmidir.  

Bu metod reklamverənin tələb və istəklərinin nəzərə alınmasına və reklam kampaniyasının daha effektiv həyata keçirilməsinə imkan verir. GRP ilə reklam yerləşdirmənin əsas üstünlüyü reklamverən tərəfindən kanaldan efir vaxtının əvəzinə potensial müştəriləri ilə lazım olan kontaktın, yəni GRP-nin alınmasıdır. Həmçinin GRP ilə yerləşdirmə reklamverənə reklamı hədəf qrupu üzrə yerləşdirməyə imkan verir ki, bu da reklam büdcəsinin lazım olmayan hədəf qrupuna xərclənməsinin qarşısını alır. 

GRP ilə satış zamanı televiziya kanalının vəzifəsi reklam kampaniyası çərçivəsində hədəf qrupu üzrə lazım olan reytinləri toplamaqdır. Daha az reklam çıxışı ilə daha çox reytinq toplamaq və daha çox reklam büdcəsi almaq üçün televiziya kanalları verilişlərinin reytinqini, elecə də kanalın reytinqini qaldırmağa məcbur olurlar. Bu da kanallar arasında rəqabətin artmasına gətirib çıxarır.
GRP ilə reklam yerləşdirmənin yeganə çatışmayan cəhəti informasiya bazasından asılılığının olmasıdır. Verilişlərin reytinqlərinin əvvəlcədən proqnozlaşdırılması, reklam kampaniyasının gedişi zamanı nəzarət edilməsi üçün media ölçü vasitəsini (AGB təqdim etdiyi) əldə etmək lazımdır. 

Buna baxmayaraq ilbəil reklamverənlər tərəfindən GRP ilə yerləşdirilməyə maraq artır. Bu yolla reklamverənlərin əksəriyyəti xarici brendlərdir. Artıq ümumi efir vaxtında reklamın GRP ilə yerləşdirilməsi 30%-ə çatıb. Müqayisə üçün qeyd edim ki, Rusiyada bu göstərici 70%-ə yaxındır.

Təəssüf ki, yerli brendlərin çoxu hələlik reklamı dəqiqə üzərindən yerləşdirməyi üstün tutur. Bunun səbəbi isə əksər hallarda yerli brendlərin reklam kampaniyalarını reklam agentliyi vasitəsilə yox, birbaşa olaraq kanallarda yerləşdirməsi və hələ də bəzi televiziya kanallarının reklam vaxtını ancaq dəqiqə üzərindən satmağı üstün tutması və reytinqlə satışı həyata keçirməməsidir.

Baxılıb: 8058

Şərhlər