Sosial şəbəkələrdə yayımla

Sükut qızıldır, və ya səsdən məharətlə istifadənin sirri

“İctimai nitqin 10 fundamental prinsipi” silsiləsindən 5-ci məqalə

Ötən söhbətimizdə mən “İctimai nitqin 10 fundamental prinsipi”ndən 4-cüsü, yəni “Bədən hərəkətlərindən istifadə edin” prinsipi haqqında danışdım. Həmin məqaləyə siz bu link ilə keçid edə bilərsiniz. 
 
Bu məqalədə mən həmin 10 prinsipin beşincisi haqqında danışacağam: Səsinizdən məharətlə istifadə edin.
 
Dahi yunan filosofu Sokratın yanına bir insan gətirib, onun haqqında fikir bildirməsini xahiş edəndə, filosof bir müddət ona baxıb və sonra deyib “Danış! Danış ki, səni görə bilim!”
 
 
Sizin səsiniz qüvvətli alətdir. Onun tonu, yüksəkliyi, sürəti, gücü sizin sözlərinizə böyük məna verir. Səsiniz dinləyicilərin fikrini çıxışınızın önəmli yerlərinə yönəldir. O, çıxışınızın emosiyalarını göstərir. Qısaca desək, səsiniz nitqi bəzəyir.
 
Darıxdırıcı səslə danışılan nitqə qulaq asmaq, duz və ya ədviyyatsız nahara, yaxud ağ-qara ekranda cizgi filminə baxmağa bənzəyir. Dinləyicilər nəinki əsas məqamları ötürəcək və ya onlara ünvanlanmış ismarıcı anlamayacaq, onlar həm də tez bir zamanda darıxacaqlar. 
 
Qədim yunanlıları və Ərdoğanı nə birləşdirir?
 
Hələ bizim eradan əvvəl, yunanlar oğlan uşaqlarının tərbiyəsinə, onların danışıqlarını formalaşdırmaqla başlayırdılar. Bura, danışıq zamanı sözləri düzgün seçmək və səs tonundan lazımi qaydada istifadə etmək daxil idi. Elə buna görə də ilk lakonik danışıq məktəbləri Yunanıstanda açılmışdır. Hətta belə bir fərziyyə var ki, qədim Yunanıstanda insanlar “ürəyində” oxumağın nə demək olduğunu bilməyiblər: onlar tək olanda belə kitabları ucadan oxuyub, eşitdikləri səslərdən zövq alırdılar. 
 
Yunanlılar müxtəlif hadisələri ifadə etmək, digər insanlara təsir göstərmək və ünsiyyət qurmaq üçün səsdən və sözlərdən istifadə etməyin necə vacib olduğunu dərk etmişdilər. Buna görə də natiqlik istedadı inkişafının pik nöqtəsi məhz Afinada idi. Bu şəhərin sakinləri natiqliyin sirlərindən, yəni aydın və ritmik tələffüz, mimika və jestlərdən istifadə edirdilər. 
 
Daha müasir misallardan isə, Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğanı göstərmək olar. Onun kütlə qarşısında çıxışlarını izləyərkən buna tam əmin olmaq olar. O, səsindən çox böyük məharətlə istifadə edərək, fikirlərini insanlara sadəcə bir nitq olaraq söyləmir, sanki onların beyninə həkk edir. Bəzi çıxışlarında onun səsinin batması doğurdan da natiqlikdə səsin nə qədər əhəmiyyətli olduğunu göstərir.  
 
Bəs siz səsinizin gücündən necə istifadə edib, nitqinizi gözəlləşdirə bilərsiniz? Mən sizinlə iki məsləhəti bölüşəcəyəm. Əgər siz onlara əməl etsəniz, əmin olun ki, çıxışınızı daha da təkmilləşdırəcəksiniz.
 
Məsləhət 1. Əsas məqamları vurğulayın.  
 
Nitqimizdə çatdırmaq istədiyimiz vacib fikirləri, məqamları və hissləri daha da təsirli etmək üçün onları vurğulamaq lazımdır. Bu, effektiv ictimai çıxışın ən sadə alətidir. Səsinizi dinləyicilərinizə “çatdırmaq” üçün lazımi qədər güc sərf edin. Sizi eşitmək üçün gərilmələri və sizinlə onlar arasında olan məsafəni hiss etmələri dinləyicilərinizi sizdən xeyli uzaqlaşdıra bilər. Gəlin bir misala baxaq. 
Deyək ki, siz satışların yaxın vaxt ərzində nə qədər yüksəldiyini bildirmək istəyirsiniz. Vurğudan istifadə edərək siz dinləyicilərin diqqətini əsas fikirə yönəldirsiniz: “Effektiv reklam kampaniyası sayəsində bizim satışlar son üç ay ərzində ikiqat artmışdır.” İndi isə həmin  cümləni vurğusuz deyin. Fərqi hiss etdiniz?
 
Məsləhət 2. Sükutun qüvvəsindən istifadə edin. 
 
Fasilə və ya sükut, ictimai çıxış zamanı yararlı lakin çox vaxt unudulan bir alətdir. Fasilələr sizə təəssürat yaratmağa, nəyisə vurğulamağa, intizarda saxlamağa, ideyalar arasında körpü salmağa və nə deyəcəyiniz barədə gözlənti yaratmağa imkan verir. 
 
Vacib məlumatı verdikdən sonra fasilə edib, bu məlumatın dinləyicilərin beyinlərinə həkk olunmasına imkan yaradın. Əgər siz fasilələr və vurğuları birgə istifadə etsəniz, verəcəyiniz məlumatın gücü kəskin şəkildə artacaq. 
 
Buna misal olaraq, əvvəlki məqaləmdə jestlər haqqında danışan zaman gətirdiyim, ümummilli liderimiz Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlməsidir.
 
Əslində, bu kiçik, 20 saniyəlik epizod özündə uğurlu ictimai çıxışın bir çox sirlərini toplayıb. Sözlərinin qüvvətini artıracaq jestlərlə yanaşı, Heydər Əliyev həmçinin səsini də çox gözəl istifadə etmişdir. 
 
“Üzüklərin hökmdarı”ndan master-klass
 
Yəqin ki, müharibə filmlərinə baxmısınız. Hücumdan əvvəl sərkərdələrin qoşuna çağırış etməsi səhnələrini yadınıza salın. Onlar düzgün sözlər seçməklə yanaşı, səslərindən qüvvətlə istifadə edir, qoşunu döyüş qabağı ruhlandırırlar. 
 
Sizə “Üzüklərin hökmdarı: Kralın qayıtması” filmini misal gətirə bilərəm. Son döyuş zamanı düşmənin ordusu kralın ordusunu qat-qat üstəliyir və qələbəyə heç bir ümid olmur. Lakin döyüşdən əvvəl kralın söylədiyi nitq, onun birliyin və dostluğun vacibliyini xüsusi ilə vurğulaması, fasilələrdən istifadə etməsi, və hətta döyuşcülərlə göz əlaqəsi qurması ordunun qorxusunu azaldır və onları döyüşə ruhlandırır.
 

 
Növbəti misal “Kral danışır!” filmindəndir. Film Britaniya kralı V Georqun oğlu hersoq Albertin atasının xahişi ilə Uembli stadionuna yığışmış insanların qarşısında etdiyi çıxışla başlayır.
 
 
Lakin hersoq pəltəy olduğuna görə çıxışı uğursuz alınır. Daha sonra o, uzun illər ərzində mualicə alır, amma bunun da bir xeyri olmur. Hersoginya Yelizavetanın sayəsində hersoqun tanış olduğu mütəxəssisin qeyri adi yanaşması Albertə kömək edir. O, yanıltmacların, xüsusi nəfəs çalışmalarının vasitəsi ilə hersoqun səsinin qüvvətini artırır. 
Filmin sonunda özünəgüvəni tam əldə etmiş Albert radio vasitəsi ilə xalqına müraciət edir. Bu doqquz dəqiqəlik çıxışı ərzində kral fiziki qüsurlarını dəf edərək, təsirli nitq söyləyir. Və bu çıxışı təsirli edən amillərdən biri də məhz vaxtlı-vaxtında edilən fasilələr olur.
 
 
Beləliklə, sükut və vurğu ictimai çıxışın iki güclü alətidir. Gələn dəfə təqdimata hazırlaşarkən bunları yada salın və istifadə edin. Sizi əmin edirəm ki, mükafat olaraq siz dinləyicilərinizin diqqətini və rəğbətini qazanacaqsınız.

Baxılıb: 2522

Şərhlər