Sosial şəbəkələrdə yayımla

Səthi marketinq

...Bu bəxtəvərliyi də yaşadıq... Artıq bizim ölkəmizdə də "marketinq"lə maraqlananların sayı ürək açmağa balayır. əgər taksi sürücüsü belə "bu marketinq nə mənə şeydir ki, hamı ondan danışır..." deyirsə... Deməli marketinqlə məşğul olan həmyerlilərimiz üçün təskinlik yeri var. Amma açığına qalsa marketinqin həqiqətdə nə olduğunu nəinki "yadlar", heç "doğmalar"da (əksərən) bilmir. Yəni yaxın və uzaq çevrəsinin nəzdində "marketinq bilicisi" sayılanların əksəri...

...Bakıda yol nəzarəti həddən artıq gücləndirilib. Hər tərəfdə 24 saat çəkiliş və qeydiyat aparan kameralar və getdikcə sərtliyini və əvfetməzliyini artıran yol polisləri... Açığı sevindirici bir haldır. Qanunun tətbiq olunduğunu görmək hər kəsə xoş olar. Amma "hörmətlər"in, cərimələrin və balların artması elə bil yollarda "meymunluq" edənlərə təsir etmir. Daha öncələri qaydaları azacıq pozmağı özünə rəva bilən sürücülər artıq bu sıx rejimin təsirinə düşür. Di gəl ki, "artistlər"in davranışlarında müsbətə doğru meyl görünmür. Niyə?..

...Məşhur bir şəkil var. Daha doğrusu kadraj deyə bilərik. 4 şəkil yanyana və bu şəkillərdə göstərilir ki, kosmetika heç də gözəl olmayan bir qadını necə cazibədar göstərə bilər. Altda da qeyd: "evlənməmişdən öncə mütləq üzünü yuyun"... 

...Türkiyə ideolojik firqələşmənin çox üstün olduğu bir ölkədir. Türkiyənin tarixindən azacıq xəbəri olanlar bilər ki, bu firqələşmənin təməli 20-ci əsrin əvvəllərinə gedib çıxır. Atatürkün milliyətçi və dindar Kazım Karabəkir ilə, sosyalist və qərbçi İsmət İnönü arasında seçim etməli olması və rəyini ikincidən yana istifadə etməsi ilə yerləşib və 1960-80-ci illərdə sıravi insanların küçələrdə bir-birlərini öldürməsinə qədər davam edib. Ondan sonra mübarizə daha səviyyəli və intellektual platformada davam etsə də, daxildəki kin yaşamaqdadır. Onsuz da, bu aralar Türkiyənin gündəmində nəyin olduğu məlumdur. Amma maraqlıdır ki, ölkənin bu qədər bariz şəkildə cəbhələrə ayrılmasına rəğmən "liberal", "dindar", "solçu", "milliyətçi" hökümətlər bir birini əvəz edib. Bəs onda 6-7 il öncə nüfuzu sıfıra yaxınlaşan MHP, necə olur ki son 3 seçkidə nüfuzunu artıraraq yoluna davam edir?..

...İndi gələk yuxarıda gördüyünüz mənasız yığının açmasına...

Ümid edirəm ki, yuxarıdakı bilgiləri xüsusən Bakı yollarına xarakterik olan bir mənzərə bir araya gətirəcək və fikrimi açıqlamağa kömək edəcək:

Adətən geniş və sürətli yollarda azacıq sıxlıq olanda maşınlar kiçik manevrlərə ehtiyac duysa da, rahatlıqla orta və hətta yüksək sürətlə hərəkət edə bilir. Bakıda bu fürsəti ələ keçirən sürücülər bəzən məharətini göstərməyə cəhd edir. Bir digəri də ona qoşulanda həddi aşmamaq şərtiylə kiçik yarış başlayır. Bax bu anda qarşıdakı maşın topasını necə adlamaq lazım gəldiyi əsl strategiya tələb edən bir keysə dönür. Bir çox dəfə qarşılaşdığım haldır ki, sürücülərdən biri daha cəsur və usta görünsə də, səhv istiqamət seçir və məsələn sağdan hər kəsi keçə biləcəyini düşünsə də, ilişib qalır. Digəri isə daha boş bir trayektoriyanı seçir və maneələri dəf edib bir təkanla topanı arxada qoyur. "Bunun marketinqə dəxli nədir" deyə soruşsanız... İki sürücünü bazardakı rəqiblərə bənzətmək olar. Biri daha istəkli və cəsurdur, müxtəlif üsullar yoxlayır, bir sözlə çabalayır. Digəri isə çox əziyət çəkmir, sadəcə düşünür və stratejik dəst-xətti müəyyən edir. Bu dəst xətt bazardakı boşluqları doldurmaq ilə bağlıdır. 

Azərbaycanda marketinqlə məşğul olan və ya personalına marketinqçi cəlb edən şəxslərin ən böyük yanılqısı marketinqi əldə olanı satmaq olaraq görməsidir. Yəni "ay qardaş mən bir iş qurmuşam, gəl sən o marketinqdən, reklamdan, piyardan elə işim xod getsin"... Deyəndə ki, "ay qardaş sən kolbasanın üstünə yekə-yekə "HALAL" damğası vurmaqla deyil ki. Bu məhsulun ki, tərkibi Hindistandan gələn nə olduğu naməlum ətdir. Azərbaycan isə balaca bir ölkədir. Bunu gizlədə "bilməzsən", onda da "marketinqdən xəbərsiz" və "fərasətsiz" olursan. 

Dərinə baxanda görünür ki, YPX-ların nəzarəti gücləndirməsinə rəğmən, şəhərdə qəzaların və özünə "avtoş" deyənlərin sayı hər gün artması da bu qəbildən bir problemdir. 10 avtoşun adını TV-də biabır etmək, 100 nəfərə 50 manatdan cərimə yazmaq, digər 100-nə 3 bal yapışdırmaq, n saydasının da 100 manatını alıb yola salmaq həll deyil. Sadəcə yuxarıda təsvir olunan şəkillərdəki qadınlar kimi müvəqqəti kosmetik işdir. Bir az da dərinə baxanda görürsən ki, yollardakı problem və zehniyət hər yerdə problem olur. Bu işlər YPX, ÇPX ilə olmur... press reliz və reklam ilə olmadığı kimi... 

Baxılıb: 4760

Şərhlər