Sosial şəbəkələrdə yayımla

Sloqan müharibəsi

«UniBank» «Azər-Asiya» sığorta şirkətinin tələbi ilə telereklam çarxlarında «Sizin dayaq nöqtəniz» şüarının istifadəsini dayandırıb. Bununla bağlı «UniBank»la sözügedən sığorta şirkəti arasında rəsmi razılıq əldə olunub və telekanallarda nümayiş olunan reklam çarxlarında «Sizin dayaq nöqtəniz» şüarının istifadəsi dayandırılıb. Respublika üzrə quraşdırılmış bankın reklam lövhələrinin isə cari ilin sonuna kimi yığışdırılması və ya dəyişdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, «UniBank» SKB-nin mətbuat xidməti məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, «Azər-Asiya» sığorta şirkətinin rəsmilərinin sözlərinə görə, şirkətə məxsus «Sizin dayaq nöqtəniz» reklam şüarı «UniBank» SKB tərəfindən qanunsuz istifadə olunur. Sözügedən reklam şüarı 2004-cü ildən «Azər-Asiya» sığorta şirkətinə məxsusdur və bu il həmin reklam şüarı şirkət tərəfindən rəsmən patentləşdirilib.

Qeyd edək ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,773 mln. manat təşkil edib. Hazırda şirkət 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərir.

Təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB isə 1992-ci ildən fəaliyyət göstərir və hazırda Azərbaycandakı bankların ilk onluğuna daxildir.

Baxılıb: 3989

Şərhlər