Sosial şəbəkələrdə yayımla

TED layihələrinə sponsorluq və biznes dünyası üçün əhəmiyyəti

Məlum olduğu kimi TED 1984-cü ildən texnologiya, əyləncə və dizayn (technology, entertainment and design) mövzularında intellektual, innovativ və yaradıcı fikirlərin təqdimatı missiyasını daşımışdır.
Daha sonralar fəaliyyətini genişləndirərək bölüşməyə layiq ideyaları (ideas worth spreading) özünə şüar kimi qəbul edən bu platforma qloballaşma ehtiyacı səbəbindən TEDx formatına keçmişdir. Bəs son zamanlar böyük sürətlə populyarlıq qazanan bu formata biznes strukturlarının daha ciddi maraq göstərməsinin səbəbi nədir? Cavab sadədir.

Aydındır ki, sirkətlərin müştəri portfoliosunda ən önəmli paya sahib olan “opinion makers”, yəni rəy formalaşdıran şəxslərini bir araya gətirən bu layihə iri kommersiya strukturlarının marağından kənarda qala bilməzdi. Belə ki, bir tərəfdən hər yeni məhsul və xidmətin tanıdılması üçün şirkətlər milyonlarla büdcə sərf etsə də, büdcənin effektiv xərclənməsi məsələsinə gəldikdə isə vəziyyət qəlizləşir. Bu səbəbdən biznes dünyasının bu günlərdə yönəldiyi əsas istiqamət tanıtım işlərini istehlakçıların özlərilə həyata keçirməkdir. Bu isə “word of mouth marketing”, yəni “ağızdan-ağıza” marketinqdir. TED iştirakçıları bu mövzuda ən fəal insanlar hesab olunur və hər bir yeniliyi, hər bir xəbəri paylaşmağı sürətli şəkildə həyata keçirirlər. Məhz bu səbəbdən daha sosial olan, fikirlərini, təəssüratlarını paylaşmağa hazır olan innovativ kütlə şirkətlər üçün əvəzolunmaz bir tanıtım kanalı kimi özünü təsdiqləyir.

Digər tərəfdən istehlakçı cəmiyyətin zaman-zaman maariflənməsi, ekologiya, qənaət, gələcək nəsil, tükənən resurslar, insan kapitalı kimi mövzulara maraq göstərməsi onun həm də bu mövzularda daha tələbkar kütlə kimi formalaşmasına gətirib çıxarır. Beləliklə, istehlakçı öz qazlı içkisini içir, paralel olaraq isə dünyada suyun azalması və bu azalmada içki şirkətlərinin payının nə qədər olduğunu müzakirə edir. Bu səbəbdən şirkətlərin ən son müracət etdiyi KSM (korporativ sosial məsuliyyət) siyasətinin bir qolu da dünyadakı maariflənmə, oxuma və elmlənmə kimi hərəkata dəstəkdir. TED-in əsas məqsədlərindən olan maariflənmə, elmlənmə və qənaətlilik üçün innovasiyaların təbliğatı böyük şirkətlərin KSM siyasətləri ilə üst-üstə düşür.

Yuxarıda qeyd olunan 2 əsas məqam qlobal markaların TED-ə dəyər verməsini aktual edir. Bu gün biz Google, IBM, Microsoft, Hyundai, Sony, Shell kimi onlarla şirkətləri sponsorlar siyahısında görürük. Bu şirkətlər həm məhsul tanıtımını edir, həm də sosial məsuliyyət daşıdıqlarını göstərir və bununla da innovasiyaya, açıq fikirlərə, yeniliklərə nə qədər tez adaptasiya olduqlarını əyani olaraq nümayiş etdirirlər.

Bu layihənin Azərbaycan üçün əhəmiyyəti və aktuallığı kifayət qədər böyükdür. Əvvəla, bu format bizim ölkə üçün çox yenidir. Sərbəst, çərçivəsiz və müstəqil fikirlərin səsləndiyi bu məkanda senzura yoxdur. Məruzəçi sorğuya çəkilmir. Məsajını intellektual, müstəqil nəticə çıxarmağı bacaran və kifayət qədər geniş çərçivəyə malik auditoriyaya – rəy yaradanlara (opinion leaders) çatdırır. 
Azərbaycan biznesi dünya biznesinin bir parçası olduğu üçün yuxarıda qeyd olunan eyni səbəblərdən əhəmiyyətli ola biləcək TED yeni biznes ideyaların yaranması üçün də uğurlu məkandır. Məhz orada inkişaf, yeni dəyərlər açıq şəkildə müşahidə olunur.
Sonda bu dəfəki TEDxBakıWomen tədbirinə baş sponsorluq edən Nokia şirkətinə xüsusi minnətdarlığımı bildirmək istəyir, ATİB təşkilatına, Coca-Cola, C`estbon, Aksent və MEQA şirkətlərinə təşkilati məsələlərdə göstərdikləri dəstəyə görə də təşəkkür edirəm.  
 
 

Baxılıb: 3659

Şərhlər(1)

Şərhlər (1)

M.R.researcher M.R.researcher
it was a good job done! novbeti TEDx-i sebirsizlikle gozleyirem :)