Vaxt nəzəriyyəsi
Başlıq lap Kant Nəzəriyyəsi və ya Eynşteynin nəzəriyyəsi kimi səsləndi.
Narahat olmayın, neofizika və ya ekzistinçializmlə məşğul olmağa başlamamışam. Hər şeyin necə zamana bağlandığını və ya zamanın hər şeyi həll etdiyini analiz etdikdə bundan marketinqdə necə istifadə olunduğunu və ya oluna biləcəyini bölüşmək istərdim. Düzünü desəm yazmaq üçün darıxmışdım ))
Reklamda ilk 3 saniyə, tanışlıq zamanı ilk təəsürat yaratmaq üçün 10 saniyə, satmaq üçün 90 saniyə, yerə düşəni yemək üçün ilk 5 saniyə və sair və ilaxir qaydaları yadınızdadır?
Və ya elə olub ki, özünüz hər saniyəni, dəqiqəni sayıb, günü necə planlayacağını düşünüb stresə düşmüsünüz? Ya da son bir ayın ən böyük panikası dünyanın sonu olduğunu düşünüb vaxtınızın azaldığına görə depresiyaya düşmüsünüz? İndi bunu oxuyanda gülüb deyirik ki, əlbəttə yox, mən stresə düşmürəm, boş boş şeylərdi. Əlbəttə boşdu, amma mağazada şamların, konservaların, fənərlərin alındığını görəndə, hər yerdə bu barədə danışılanda şüuraltı işə düşüb bizim təməl qorxumuz olan ölüm qorxusunu üzə çıxardır və indiyə qədər nələri etməmişik, amma edə bilərdik haqda düşünürük.

Yaxşı, gəlin bir az da pozitiv hallardan danışaq. Əslində bunlar hamısı bir oyundur. Ağıllı marketoloqlar, bizim vaxtı necə sevdiyimizi başa düşüb, ondan istifadə edərək bizi manipulasiya edirlər. 21 dekabr sadəcə mediyanın başını qatmaq, fikirləri böhrandan, müharibələrdən, aclıqdan yayındırmaq üçün də düşünülmüş ola bilərdi. Amma niyə biz vaxtla bağlı olan məqamlara tez reaksiya verdiyimizi neyromarketinqdə araşdırıblar. Vaxt hamımızın daha çox arzuladığımız amildir. “Kaş bir gün 24 saat yox 32 saat olsun!” – mənim və bir çoxlarının arzusudur. Vaxt gedir və saxlaya bilmirik, insanların nəzarət edə bilmədiyi bir amildir. Buna görə də hər şeyi sürətlənib və həyatın necə tez keçdiyini görmürük.
İkinci məqam isə, bizim psixologiyamız elədir ki, kimsə xatırlatmasa ki vaxt gedir filan şeyi etmək lazımdır, biz hələ də oturub “o günü” gözləyəcik. Biz bugünkü gündən həzz ala bilmirik, gedib gəzə bilmirik, istədiyimizi almıyıb “ö günə” saxlıyırıq, adətən dietaya sabahdan başlayırıq və bugün doyunca yemək istəyirik, biz həmişə xoşbəxt olacağımız “o günü” gözləyirik. Amma kimsə (xüsusilə də marketoloqlar) bizə xatırladanda, refleksimiz işə düşüb onu tez etməyə çalışırıq. McDonalds-ın “İt’s McTime”, Kodakın “Kodak moment”, Nesquick-in “Onlar yalnız bir dəfə böyüyürlər” və sair kimi konseptləri də elə bizim bu vaxtla bağlı zəif nöqtəmizə toxunmaq üçün istifadə olunub və yaxşı da nəticə verib. Niyə? Çünki, vaxtın necə uçub getdiyini xatırlayanda həyatdan elə indi zövq ala biləcəyimizə inanırıq. Bir neçə ay əvvəl bazara girən Berqa da yaxşı sloqandan istifadə etmişdi – Artıq Berqa zamanıdır! Yəni, bu qalan bir neçə aylıq ömrünüzdə ağzınız dada gəlsin)) Ok, zarafat edirəm, bir neçə ay qalmıyıb.
Araşdırıblar ki, vaxtı xatırladan reklamlara insanlar digərlərlə müqayisədə daha tez reaksiya verirlər (M.Lindstrom – Brandwashed).
Vaxtla bağlı bizi narahat edən digər məqam, həmişə keçmişdə indikindən daha yaxşı olduğunu düşünməyimizdir. Xüsusilə də dünyada maliyyə böhranı, təbii fəlakətlər, müharibələr, işsizlik kimi problemlər olduqda, insanlar “əvvəllər” belə olmadığını düşünürlər. Və bu zamanlarda markalar keçmiş nostaljik hissləri oyatmaqla insanları özlərinə bağlamağa çalışırlar. Amerikada Reagan dövründə marketoloqlar 60-cı illərin rahat həyatını xatırlatmaqdan istifadə edirdilər və XXİ əsrin ilk on illiyində 9/11, müharibələrdən və əvvəlki vaxtlarla müqaisədə ən pis iqtisadi göstəricilərdən sonra marketoloqlar sakit səksəninci illər tərzinə qayıtmağa çalışırdılar. Migros 50 illiyində Nostaljik Fiyatlar kampaniyasına başladı və ərzaqları əlli il əvvəlki qiymətə satmaqla insanlarda “hey gidi günler” duyğusunu yaşatmağa çalışdı. Azərbaycanda “əvvəllər belə deyildi” ifadəsi insanların hələ də keçmişdə ilişib qaldığını göstərir. Lənkəran çayı mifi sayəsində kilosunu 100 manata satanlar da var. Lənkərandakılar deyir ki “Əvvəllər bu çay lap dadlıydı”. C’omon, uşaqlığımda Lənkəran çayını içəndə elə bildim çay əvəzinə başqa bir şey içirəm. Əvvəllər də yaxşı deyildi, sadəcə WOM hesabına satılır. Mifin əsas prinsipi, başqasından geri qalmamaq üçün hamının aldığını almaqdır. Tudor çayı yeni bazara çıxanda, marketlərdə qadınlar gəlib deyirdi ki, “Tudor çayı verin hamı yaman təərifləyir”. Qonşudan geri qalmamaq üçün özümüzü həlak edirik. Bu artıq başqa mövzudur)
Marketoloqlara məsləhətim, vaxt məqamından komunikasiyanızda hədəf kütlənizdən asılı olaraq uğurlu istifadə edin. Vaxt insan üçün hərəkətə gətirə biləcək trigger rolunu oynayır. İnsana müəyyən vaxt məhdudiyyəti verdikdə o daha tez hərəkətə keçir, nəinki qeyri müəyyən vaxt olduqda. Əbəs yerə demirlər “Yalnız iki gün” və ya “Yalnız bir gün” endirimləri, hansı ki bəzən bir neçə ay da davam edir. Sahil metrosundan Nizami kinoteatrına gedən istiqdamətdə bir geyim mağazası var, üç ildir mən onun qarşısından keçəndə “Mağaza bağlanır. Yalnız indi likvidasiya edici şok endirimlər” görürəm və üç ildir ki mağaza bağlana bilmir. Və ya İdeal mağazalar şəbəkəsində keçən il ilk dəfə 1+1 kampaniyası edəndə deyirdilər “Yalnız indi, beləsi daha olmayacaq”. Amma hələ də hər bayramda 1+1 olur. Siz belə səhvlər etməyin.
Marketoloq olmayanlara isə deyərdim ki, nə keçmişdə nə də gələcəkdə yaşamayın, bugünkü həyatınızdan elə zövq alın ki, heç bir marketinq tələsinə düşməyəsiniz.
Baxılıb: 9657
Şərhlər