Sosial şəbəkələrdə yayımla

Worldfood yoxsa Nofood expo?

Bugünlərdə Bakı Beynəlxalq Expo Mərkəzində keçirilən Worldfood sərgisinə yenilik görmək və ya ötən illərdən fəqrli olaraq daha fəqrli bir yanaşma görmək üçün getmişdim. Amma bütün gözləntilərim və ümidlərim puç oldu. Yenə soyuq stendlər, yenə yuxulayan nümayəndələr, yenə “radi qaloçki” yanaşma.

Başlayaq lap ilk qeydiyyatdan. Burada məni ilk təəcübləndirən moment qeydiyyatdakı xanımın “Bura yalnız işləyənlər buraxılır” deməsidir. Tərəddüd içində qalan evdar xanımlar sual və təəccüb dolu baxışlarından sonra e-visitor deyilen yerə yaxınlaşdılar və broşurlar götürüb harasa yollandılar. Bu anda məndə sual yarandı ki bu nə sərgisidir, korporativ?? Sərgilərin məqsədi korporativ "netvörkinq"dən başqa həm də istehlakçılarla bir başa əlaqədə olub məhsuldan nümunə verib maraqlandırmaqdır. Amma bu stendlərin yanından keçəndə heç nə ilə özlərinə cəlb etmirdilər.  Bu fikirlərdən sonra, on dəqiqəmiz sırada operatorların ləng və yuxulu qeydiyyatını gözləməkdə keçdi və nəhayət ki, qeydiyyatdan keçib içəri yollanırdıq ki, qeydiyyatdakı operatorla bir ziyarətçi arasında qalmaqal düşdü. Qeydiyyat zonasından belə mənfi təəsüratlarla sərgi zalına girdik.

Mən nədənsə orda daha nəhəng və çoxlu nümunələr paylayan stendlər gözləyirdim. Gördüklərim isə tam tərsi oldu, təəccübümdən zombi kimi gəzirdim. Stendlərin 70%-i qida ilə əlaqəli olsa da qalanları heç qidayla əlaqəsi olmayan “təki yer dolsun” prinsipi ilə hazırlanmışdı. Maraqlıdır ki, həmin sərgidə bir çox yerli istehsalçılar, və ya distribütorlar yox idi. Misal üçün, stendlər arasında ən çox gözlədiklərimdən Danone, Heinz, Bakı Biskvit Fabriki, Ulduz şokoladları, Bəhrə fabriki, Sirab suları, Palsüd və bir çox əsas bazar iştirakçıları  bugünkü sərgidə yox idilər.

Sərgiyə belə soyuq yanaşmanının əsas səbəblərindən biri artıq sərgilərdə iştirakçıların axınının azalmasıdır. Sərgi nə üçündür? Sərgi ilk növbədə öz istehlakçılarına yaxın olmaqçün, yeniliklərini sərgiləməkçün, fərqliliklərini göstərmək üçündür. Bununla yanaşı həm də yeni biznes tərəfdaşları tapmaq, yeni bazarlara açılmaq və sair imkanları yaratmaq üçündür. Lakin son iki üç ildə olan sərgilərdəki həm iştirakçıların həm də ziyarətçilərin sayından görmək olur ki artıq bu format və bu yanaşma dəyişməlidir. Sadəcə “biz də var idik” demək üçün və ya hansısa kataloqda adının keçməsi üçün iştirak etmək zamanı deyil.

Sərgilənən stendlərdən daha çox görüntü ilə diqqət çəkənlər İceland, Jale, Beta, A Agro və etdikləri xidmətlə daha çox diqqət cəlb edən Chocologo idi. Amma bu stendlərdə də heç bir aktivlik, ziyarətçini öz stendinə cəlb etmə, özləri haqda məlumat vermək yox idi. Baxmayaraq ki İceland stendinin qarşısında bir neçə dəqiqə dayanıb qeyri-verbal yolla diqqət tələb etdim, mənə heç kim bir məlumat vermədi. Ama ümid edirdim ki, mənə dondurma verərlər. Onu da qeyd edim ki, dondurma sezonuna girilməsindən istifadə edərək digər dondurmaçılar da aktiv ola bilərdi, amma bazarın aktiv iştirakçısı və ən çox gözlədiyim Palsüd belə iştirak etmədisə onda burda şərh etməyə ehtiyac qalmır.

Beləliklə  17-ci Beynəlxalq Worldfood sərgisini də yola verdik və deyə bilərik ki, bizim də beynəlxalq sərgilərimiz olur. İştirak edən ölkələrdən Almaniya, Avstriya,Türkiyə əsasən qida sənayesində istifadə oluna bilən maşınlar, qablaşmalarla çıxış edirdilər və İran şirkətləri əsasən şirniyyat sahəsində təmsil olunsalar da ziyarətçi diqqəti çəkməkdə çətinliklər var idi. Ziyarətçi cəlb etmək isə həmin sərgidə ayrı bir dərd idi. Bütün iştirakçılara uğurlar arzusu ilə qeyd etmək istərdim ki, bu qədər darıxdırıcı və quru bir sərgi heç vaxt görməmişdim.
 

Baxılıb: 3386

Şərhlər