Sosial şəbəkələrdə yayımla

Yeni jurnal: “TV 1”

AzTV-nin “TV Plyus”, ATV-nin “ATV Maqazin”, ANS-in “İstiot” və Lider-in “Lider” jurnallarından sonra İctimai Televiziya da “TV 1” jurnalını çıxardı. İTV-nin iki illik yubleyinə həsr olunmuş ilk sayda teleradionun daxili mətbəxi barədə yazılarla tanış olmaq mümkündür. Oxucular jurnalı vərəqlədikcə arxada qalan iki il ərzində İctimai Teleradionun Azərbaycan tamaşaçısına və dinləyicisinə nələri verdiyinə cavab tapa biləcəklər. Ayda bir dəfə işıq üzü görəcək “TV 1” jurnalı çalışacaq ki, tamaşaçı və dinləyicilərimizi efirimizdə görüb eşitmədikləri, kamera arxasında qalan məqamlarla, qəhrəmanlarımızın başına gələn maraqlı əhvalatlarla tanış etsin. Jurnalın səhifələrində Azərbaycanın sosial-mədəni palitrasına aid rəngarəng yazılara da sıx-sıx rast gəlmək olacaq. Bundan əlavə, oxucular “TV 1” jurnalının növbəti saylarında yerli və xarici teleməkanda baş verən yaradıcı və texniki yeniliklər, məhşur sənətkarlar, tanınmış media-simalar haqqında bir-birindən maraqlı materiallarla tanış olacaqlar. Doğma Azərbaycanımızın qədim mədəniyyətini, tarixini, bənzərsiz incəsənətini, eləcə də çağdaş Türk dünyasının ünlü şəxsiyyətlərinin həyat və fəaliyyətlərini ardıcıl olaraq işıqlandıracaq “TV 1” jurnalı heç kimə bənzəməyəcək. Jurnal özünəməxsus dəst-xətti ilə milli-demokratik mətbuatımıza öz töhfəsini verməyə çalışacaq.

Rabita Dünyası

Baxılıb: 5957

Şərhlər