Sosial şəbəkələrdə yayımla

"Yerindən almaq"

Azərbaycanda cəmi bir şəhər var. Adı şəhər qoyulan, vəya xalqının özünü şəhərli saydığı ərazi vahidlərinə ağız dolusu ŞƏHƏR demək çətindir. Düzdü, əhalinin Azərbaycanı tərk etməmiş yarısı elə həmin bu "şəhər"də yaşasa da, "şəhər sakini" olmaq bizləri "şəhərli" etməz. Bakının yerliləri istisna olmaqla Azərbaycan əhalisi kənd camaatıdır. Bakı kəndlərinin sakinləri də bu sıradadır. Geriyə isə çox az bir qism qalır. Bir sözlə, Azərbaycanda əhali arasında "kənd mədəniyyəti" hökm sürür. "Gənc Qlamurlar Hərəkatı"nın üzvləri etiraz etsələr də bu heç nəyi dəyişdirmir. Onlar da eyni kökdən gəlir.

Kəndli olmağı vəya kənd mədəniyyətinə aid olmağı kiçik gördüyümü düşünməyin. Mövzuya marketinqi də maraqlandıran bir aspektdən baxmağa çalışacam.

Kəndi şəhərdən ayıran ən önəmli xüsusiyət (ən azından biri) - şəffaflıqdır. Kənddə insanlar bir-birlərinin həyatlarından xəbərdar olur, məlumatlar yüksək sürətlə irəliləyir. Bu faktorun nəticəsi olaraq insanlar hər şeyi "yerindən almağ"ı xoşlayır: yumurtanı toyuq sahibi qonşudan, qarpızı kəndin kənarındakı bostandan vs.  Bu vərdişindən əl çəkə bilməyən kənd insanı Bakıya köçsə də, dondurulmuş Norveç salmon balığını mağazadan yox, "mağazalara paylayan"ından almağı tərcih edir. Mal da həminkidir, qiymətdə. Tək fərq həmin "yerindən almaq" fenomenidir.

Bu vərdiş insanlara satınalmalarında dərininə araşdırma instinkti yaradır. Bu vərdiş satınalmada faktor kimi "birinci əldən ala bilməy"i önə çıxardır. Bu vərdiş həmin satıcını ekspertə çevirir. Bu vərdişin marketinq departamentlərinə təsiri isə inanılmazdır. Şirkətlərin marketinq addımlarına hər zaman şübhəylə yanaşmağa səbəb olur. "Satılmır deyə reklam verirlər", "Yaxşı malın reklamı olmaz" vs. Bunlar hamısı istehlakçının ona lazım olanı yerindən almağa fərasətinin yetəcəyi düşüncəsindən ortaya çıxan hipotezlərdir. Ona görə bizdə mesajı gizlicə ötürmək önəm qazanır.

Bir dostumuz ABŞ-a MBA üçün getmişdi. Çatdıqdan bir neçə gün sonra ənənəvi sualı verdik. Cavabında isə amerikanların bizlə müqayisədə reklamlara daha çox etibar etdiyini söyləmişdi. Düzdü marketinq və biznesdən xəbərdar bir insan olması bu fərqi hiss etməsində vacib faktordur. Amma istənilən halda ABŞ-la Azərbaycanı müqayisə edən insanın 2 məqamı dilə gətirməsi və bunlardan biri çox təbii şəkildə azadlıq ikən, digərinin belə maraqlı bir məqam olması boşuna deyil.

Şəhər, insanları o qədər məşğul edir ki, sizin əslində belə xırdalıqlara ayıracaq vaxtınız qalmır. Bu da bir müddət sonra KİV-dən aldığınız marketinq tövsiyyələrinə inanaraq davranmanıza səbəb olur. Bugün şəhərdə hələ də bu qaydalar keçərlidir.

Amma... Bugün Dünyanı kəndə çevirə biləcək bir fenomen var - sosial media. Bu alətin həyatımıza hara qədər, hansı intensivlikdə müdaxilə edəcəyinə indilik ancaq proqnoz vermək olar. Amma onun da səhihliyi şübhə altındadır. Dünyadakı qaydalar internetin ortaya çıxması ilə elə sürətlə dəyişir ki, artıq 5-6 ildən uzağa proqnoz vermək qeyri-mümkün olub.

P.S. Təbii ki marketer işinin yaxşı getməsi naminə "şəhər stili"ni tərcih edər. Hətta belə baxanda "kənd stili" istehlakın daha bilincli forması olsa da, marketinq tərsini deyir. Mən bu yazıda hərhansı bir tərəfə üstünlük verməməyə çalışdım. İlk baxışdan "kənd stili" daha bilincli bir istehlakçı anlayışı olsa da, "insan fikrini pulu xərcləməməyə yönəltməkdən çox pul qazanmağa yönəltsə varlı olar" fikri də məntiqsiz gəlmir. Yəni hələlik durum 1:1-dir . Hesabı oxuyucular dəyişdirə bilər :)

Baxılıb: 4611

Şərhlər(2)

Şərhlər (2)

firdovsi firdovsi
Telebe vaxti vereqlediyim The Global Village kitabi yadima dushdu.
aflatunus aflatunus
Tönnies-in meşhur Gemeinschaft and Gesellschaft söybəti.
Kənddəki qonşudan soruşmaq əvəzinə şəhərdə (Facebookda) your friend liked gəlir.