Sosial şəbəkələrdə yayımla

«Bakcell»i bağlayırlar? yoxsa Narı böyüdürlər?

«NarMobile»ı gücləndirmək üçün «Bakcell»in bağlanması qərarının verildiyi bildirilir.
Dünən axşam saatlarında hakimiyyətə yaxın dairələrdən aldığımız məlumata görə, “Bakcell” mobil operatoru 2008-ci ilə qədər bağlana bilər. Xəbərdə qeyd olunur ki, artıq bununla bağlı bəzi dövlət qurumları tərəfindən ciddi iş aparılır. Yaxın aylarda Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin “Bakcell”ə bağlı müəyyən açıqlamalar verəcəyi də istisna olunmur.
Bununla isə ictimai rəydə “Bakcell”i nüfuzdan salmaq və cəmiyyəti bu şirkətin bağlanmasına hazırlamaq istəyirlər. “Bakcell”ə qarşı hücumların isə xüsusi səbəbi var.
Belə ki, son zamanlar hakimiyyət dairələri “NarMobile”ın əhatə dairəsini və abonentlərinin sayını artıqmaq üçün xüsusi səylər göstərirlər. “Nar” nömrələrinin pulsuz paylanılmasından tutmuş telekanallarda güclü reklama qədər hər vasitəyə əl atılır. Lakin tariflərin “Bakcell”dən o qədər fərqlənməməsi “Nar”ı çətin vəziyyətdə qoyub. Həmçinin əhatə dairəsinin geniş olmaması “Bakcell”i “Nar”dan önə çıxardır. Bu da o deməkdir ki, böyük miqdarda pul və enerji sərf edilərək yaradılan “NarMobile” ümidləri doğrultmadan iflasa uyğaya bilər. Buna görə də “Bakcell”in bağlanması üçün səy göstərirlər. Lakin “Bakcell”ə qarşı hücumlar həm də təkcə bununla bağlı deyil.
Belə ki, “Bakcell” digər mobil operatorlardan fərqli olaraq məhkəmə qərarı olmadan abonentlərin danışıqlarını hüquq-mühafizə orqanlarına vermir. Təbii ki, bu da Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərliyinin şirkətə qarşı narazılığını artırır. Digər mobil operatorlardan istənilən vaxt istənilən abonentin danışıqları ilə bağlı məlumat alan güc qurumları “Bakcell”i özlərinə tabe etdirə bilmirlər. Buna görə də “Bakcell”in bağlanması üçün onlar da maraqlı tərəf rolunda çıxış edirlər. Bütün səylər isə bu mobil operatoru bağlayıb “Nar”ı gücləndirməyə yönəlib. Yəni, “Bakcell” bağlansa, sərfəli tarif paketinə görə, “Nar”a böyük müştəri axını olacaq ki, bu da milyonlar deməkdir. Bu milyonları da qazanmaq üçün artıq “Bakcell”ə bağlı qərarın verildiyi bildirilir. Bir qalır onu icra etmək ki, bunun nə vaxt və necə icra olunacağını biz söyləyə bilmərik.

Azadlıq qəzeti

Baxılıb: 4868

Şərhlər